Ailədə uşaq tərbiyəsi: nələri bilməli?

Загрузка...

Ailə nədir? Müasir ensiklopediyalarda və lüğətlərdə ailəyə, demək olar ki, eyni tərif verilmişdir. Ailə bir-biri ilə məişət birliyi və qarşılıqlı məsuliyyətlə bağlı olan adamların nikah və ya qan qohumluğuna əsaslanan birliyidir. Ana, ata, bacı, qardaş — bizim ailə dünyamızın acılı-şirinli xatirələri bu doğma adamlarla bağlıdır. 

Biz övladlıq, qardaşlıq və bacılıq hissi ilə onlarla ömürlük bağlıyıq. Ailə həm də cəmiyyətin ilkin özəyi, onun sosial strukturunun ünsürlərindən biridir. Ailə həm də qarşılıqlı məhəbbət, inam, etibar və hörmətə əsaslanan birlikdir. Məsələyə daha dərindən yanaşdıqda isə ailə özlüyündə kiçik bir dövləti xatırladır. Dövlətdə dövlətin başçısı, dövlətin idarə olunmasında iştirak edənlər, onun vətəndaşları olduğu kimi, bu struktur eynilə ailəyə də aiddir. 

Ailə münasibətlərində cəmiyyətin bütün ünsürləri öz ifadəsini tapır. Ailə həmçinin insani münasibətlərin ilk aşılandığı məktəbdir. Demək olar ki, ilk əxlaqi təcrübə, yaxşı, pis, sevgi, nifrət, mərhəmət, xeyirxahlıq və bu kimi xüsusiyyətlər məhz birinci ailədə təşəkkül tapır və sonra cəmiyyətə daxil olur.

Ailə — insanın bir şəxsiyyət kimi yetişməsində böyük rol oynayır. O cümlədən uşaq şəxsiyyətinin formalaşmasında da ailənin rolu əvəzsizdir. Hər bir şəxsin sonrakı taleyi, həyatda tutacağı mövqe ailə tərbiyəsi ilə bilavasitə bağlıdır. Bəs uşağın tərbiyəsinə nə vaxtdan başlamaq lazımdır? Bir vaxt valideynlərdən biri məşhur rus pedaqoqu K. D. Uşinskiyə belə bir sualla müraciət edir. Görkəmli pedaqoq:
— Sizin uşağın neçə yaşı var? — deyə xəbər alır.
— İki yaşı… K. D. 
Uşinski başını yelləyərək:
— Siz düz iki il gecikmisiniz, — deyə cavab verir…

Bu sözlərdə böyük həqiqət var. Deməli, uşağın tərbiyəsinə anadan olan kimi başlamaq lazımdır.

İnsanların ən ləyaqətlisi və ən yetkini əxlaqı gözəl olanlar və ailə üzvlərinə ehtiramla yanaşanlardır. Ailədə uşaqların tərbiyəsi qayğısına qalmaq valideynlər üçün ən qiymətli sərvət hesab olunur. Buna görə də valideynlər ilk gündən övladlarına düzgün tərbiyə verməlidirlər. Peyğəmbərimizin (s.ə.s.) söylədiyi kimi: «Heç bir ata övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz».

Ailədə uşaqları yaxşı tərbiyə etmək üçün birinci şərt valideynlərin övladlarla ədalətli rəftarı, birini o birindən üstün tutmamasıdır. Əgər valideyn övladlarından biri ilə o biri arasında fərq qoyursa, o biri övladda bu övlada qarşı qısqanclıq və ya nifrət meydana gələ bilər.

Ailədə ilk tərbiyəçilər də ata və anadır. Ata-anaların böyük əksəriyyəti daha çox valideyn kimi bir-birilərinə bənzəyir: Onların hər biri gözünün işığını da öz övladına verməyə hazırdır. Bunu hər birimiz öz ailəmizdə müşahidə edə bilərik. Valideynlərimiz bizə, öz övladlarına qarşı o qədər həssas və ülvi hisslərlə yanaşırlar ki, sözlə ifadə etmək çətindir. Lakin valideynlərimiz bunun əvəzində heç də həmişə arzuladıqları övladı görə bilmirlər. Oskar Uayldın uşaqların tərbiyəsi ilə bağlı fikirlərindən biri isə belədir: «Uşağa buyurmaq yox, öyrətmək, idarə etmək yox, istiqamət vermək, əmr etmək yox, məsləhət vermək, öyüd vermək yox, sübut etmək lazımdır»…

Uşaqlar ailənin, ata və ananın güzgüsüdür. Valideynin şəxsi nümunəsi tərbiyə işində son dərərcə böyük rol oynayır. Uşaqlar ata və analarının timsalında sosial təcrübələri mənimsəyirlər. Belə ki, valideynlər özlərinin zahiri görkəmləri, dünyagörüşləri, maraq və meyilləri ilə gənc nəslə mühüm təsir göstərirlər. Üstəlik, uşağın yaşı nə qədər azdırsa, valideynin şəxsi nümunəsi o qədər əhəmiyyətlidir.

Təsadüfi deyil ki, görkəmli rus pedaqoqu B. A. Suxomlinski tərbiyədə ailənin, valideynlərin rolundan bəhs edərək göstərirdi ki, yeniyetmələrin əxlaqi siması insanın uşaqlıq illərində necə tərbiyə olunmasından, anadan olandan 10-11 yaşına kimi onun qəlbinə nə qoyulmasından asılıdır.

Bir də görürsən ki, bir televiziya kanalında ata-anasını axtaran, göz yaşları içində boğulan qız uşağını göstərirlər. Başqa bir kanalda övladları tərəfindən atılmış gözüyaşlı bir ananı «təqdim edirlər». Digər kriminal xəbərdə bir-birini bıçaqlayan ata-oğuldan danışırlar və sair və ilaxır. Bütün bunlar gündəlik xəbərlərdir və demək olar ki, hamımız üçün adidir. Demək ətrafımızda, qonşuluğumuzda, ailələrdə çox böyük sosial aşınmalar var. Ona görə də bu gün ailə məsələləri hamının, xüsusilə də, cəmiyyətin və dövlətin diqqət mərkəzində dayanan strateji bir məsələyə çevrilməkdədir. Yuxarıda saydığım hadisələrin səbəblərini mən, ilk növbədə, ailələrdə əxlaqi dəyərlərin itməsində görürəm. Ailəyə təkcə iki nəfərin qarşılıqlı məhəbbət yuvası kimi baxan insanlarda görürəm. Digər tərəfdən, ailələrdə yaşanan problemlərin başlıca səbəblərindən biri də həmin ailələrdə ata-ana münasibətlərinin düzgün tənzimlənməməsindədir. 

Məsələn, bu yaxınlarda şahidi olduğum bir söhbəti xatırlamaq istəyirəm. Deyəsən, danışan gənc bir müəllimə idi. Və o müəllimə rəfiqəsinə bunları deyirdi: «2-ci sinifdə uşaqlara „Həyat bilgisi“ndən testlər vermişdim. Suallardan biri də belə idi ki, evə pulu kim gətirir? Şagirdlərimin çoxu bu sualın cavabında yazmışdı ki, ana»… Ola bilsin ki, gənc müəllimə öz şagirdlərinin məntiqi təfəkkürünün zəif inkişaf etməsindən şikayətlənirdi. Ancaq mən isə düşünürəm ki, həmin uşaqlar işin doğrusunu yazıblar. Çünki biz bu gün sosial-iqtisadi problemlərin artdığı elə bir dövrdə yaşayırıq ki, ailələrdə pul qazanmaq, ailəni dolandırmaq məsələsi bəzən ataların yox, anaların üzərinə düşür. Halbuki müasir ailə üçün atanın tərbiyə funksiyası müstəsna əhəmiyyətə malikdir.

Bu gün uşaq tərbiyəsi sahəsində ən ciddi nöqsanlar o ailələrdə müşahidə olunur ki, o ailədə atanın nüfuzu azdır, ya da öz tərbiyə funksiyasını yerinə yetirə bilmir. Çünki atanın ailə həyatındakı düzgün mövqeyi uşaqların bir şəxsiyyət kimi formalaşması üçün əlverişli şərait yaradır. Onun ana ilə düzgün münasibəti də ailədə böyük tərbiyəvi əhəmiyyət daşıyır. Ata nüfuzunun köklərini də məhz burada axtarmaq lazımdır. Ailənin bütün ağırlığı əsas etibarilə atanın çiyinlərinə düşür. Buna görə də həyatda ata olmaq asan, lakin atalıq etmək çətindir. Ailədə sağlam psixoloji və mənəvi mühitin bərqərar olmasında, həmçinin uşaqların layiqli vətəndaş kimi böyüməsində atanın əməyi, xüsusilə, böyükdür.

Mən ən mükəmməl ata obrazını Peyğəmbərimizin (s.ə.s.) simasında görürəm. Onun ən yüksək əxlaqi dəyərlərə malik simasını bir xatırlayın. Peyğəmbərimiz (s.ə.s.) ailə fərdlərinə qarşı çox həssas davranmış, onlara böyük qiymət vermişdir. Müxtəlif söz və davranışlarla onların maddi və mənəvi köməkçisi olmuşdur. Peyğəmbərimiz uşaqlarını, nəvələrini öpər, oxşayar və onları çox sevərdi. Uşaqlarla şəfqət və mərhəmətlə rəftar edərdi. Bu anlayışın bütün müsəlmanlar tərəfindən mənimsənilməsi və həyat tərzinə çevrilməsi üçün də «Kiçiklərimizə mərhəmət etməyən və böyüklərimizə hörmət göstərməyən bizdən deyil», — buyurmuşdur.

Sonda Peyğəmbərimizin bir kəlamını xatırlayıb, bu yazımı başa vurmaq istəyirəm. «Bir kişi Rəsulullahdan soruşdu: „Valideynin övlad üzərində haqqı nədən ibarətdir?“ Peyğəmbərimiz (s.ə.s.) buyurdu: „Onlar sənin cənnətin və cəhənnəmindir“…