“Cəmiyyətin Bayram Nurlu və Samiraldoya ehtiyacı var” – Səbuhi Xanlarov

Загрузка...

– Sosial şəbəkələrdə paylaşdığınız fotolar sayəsində məşhurluq qazanmısınız. Amma insanlar haqqınızda çox az məlumat bilir. Özünüzü necə tanıdardınız?

– 1980-cı ildə sentyabrın 25-də Bakıda anadan olmuşam. Ali təhsilliyəm, Ankara şəhərində Qazi Universitetinin maliyyə fakültəsini fərqlənmə ilə bitirmişəm. İxtisasca bank mütəxəssisiyəm, amma heç vaxt bu sahədə çalışmamışam.

– Bildiyim qədərilə Bakıda yaşamırsınız…

– Bəli, Bakıya gec-gec gəlirəm, Türkiyədə yaşayıram.

– Orada nə ilə məşğul olursunuz?

– Qoy, sirr olaraq qalsın.

– Vayner olmağa necə qərar verdiniz?

– 11 il əvvəl Azərbaycana vaynı ilk dəfə mən gətirmişəm. Dostlarımla oturub maraqlı video çəkmişdik, bu, internetdə sürətlə yayılmağa başladı, bir həftədə baxış sayı yutubda 19 milyonu keçmişdi. Onda sosial şəbəkələr bu qədər populyar deyildi və vaynın nə olduğunu bilmirdim. Beləliklə yeni-yeni videolar çəkməyə qərar verdim. Köhnə vaynlarda səhvlərim olub, etməməliydim, lakin bu, bilmədən baş vermişdi.

– Çəkdikləriniz sizə kifayət qədər pul qazandıra bilir?

– Bəli, reklamlardan yaxşı pullar qazana bilirəm, yutub səhifəmdə videolarım çox izlənir. Həm təhqir olunuram, həm də tənqid.

– Səbəb?

– Paxıllıq. Vaynlarda həyatda gördüyüm eybəcərlikləri güclü və özünəmxsus şəkildə tənqid edirəm. Ola bilsin ki, insanlar bu tənqidləri qəbul etmək istəmir. Cavab olaraq onlar təhqiri seçir, həqiqətləri söylədiyim üçün məni qınayırlar. Çəkməkdə məqsədim odur ki, cəmiyyət öz payını götürsün.

– Məşhurlardan kimi parodiya edirsiniz?

– Xoşqədəm Baxşəliyevanı parodiya etmişdim, çox qəşəng alınmışdı, özünə də ləzzət etmişdi.

– Gələcəkdə özünüzü aktyor kimi sınamaq istərdiniz?

– Murad Dadaşovun prodüserliyilə çəkilən “Bayram axşamı” filmində rol almışam, həmçinin onun “Maşın şou” verilişində iştirak etmişəm. Çox istərdim…

Bu yaxınlarda bir ssenarist mənə təklif etdi ki, Rəcəb İvedik kimi Səbuhi Xanlarovun – özümün tipajını yaradaq. Müqavilənin şərtləri ağır gəldi, azadlığa, sərbəstliyə öyrəşən adamam, kiminsə qayda-qanunları ilə hərəkət edə bilmərəm. Sərf etmədi deyə qəbul etmədim. Başqa kinolara dəvət etmirlər, məncə, qorxurlar.

– Nədən qorxurlar?

– Potensialımı bilirlər, ifamla çoxunu kölgədə qoyaram, savadlı və istedadlı insanam.

– Nə cür rolda çəkilməyi arzu edirsiniz?

– Fərqi yoxdur, istənilən rolu oynamağa hazıram və qadirəm.

– Vaynlarınızda söyüşdən çox istifadə edirsiniz. Nəyisə tənqid etmək üçün söyüşdən istifadə etmək mütləqdir?

– Azərbaycandan çox Moskvada, İsraildə, İranda və Türkiyədə daha çox tanınıram. Tənqidlərimi sadəcə “manıs dilində” ifadə edirəm, onlar da partladır.

Məsələn, Bayram Nurlu balansı olmayan adamdır, amma Rafaellə Coşqun onu bu yaxınlarda baş tutan konsertlərində parodiya etmişdi. Niyə? Çünki cəmiyyətin ona ehtiyacı var.

– Sizə elə gəlmir ki, Rafaellə Coşqun kimi tanınmış aktyorların onu parodiya etməsi həm də təbliğ etmək deməkdir.

– Rafael və Coşqun əziz dostlardır. Cəmiyyət adından danışmaq istəməzdim, bilirəm ki, xalq öz iradını lazımi şəkildə bildirsə daha yaxşı olar. Coşqun Bayram Nurlunu çox yaxşı parodiya etmişdi, onun bu obrazı sevildi. Xalq onun obrazına baxıb əl çalıb gülmüşdü, deməli, cəmiyyətin ona ehtiyacı var idi.

– Bəs cəmiyyətə Samirolda və Bayram Nurlu kimi obrazlar lazımdırmı?

– Əlbəttə ki, yox. 80-cı illərdə dünyaya gəlmişəm, böyüdüyüm cəmiyyətdə insanlar tam başqa idi, əxlaqi dəyərlər əhəmiyyətini itirməmişdi. İndi bu problem təkcə Azərbaycanda deyil, bütün dünyada var. 36 yaşım var, məndən çox Avropanı gəzən yoxdur, 62 ölkə gəzmişəm. Bütün ölkələr eyni vəziyyətdədir. Cəmiyyətlərdə cılızlaşma baş alıb gedir.

– Sosial şəbəkədə ünvanına yazılan təhqirlərə görə Əməkdar artist Röya Ayxan, Kərim Abbasov və bir neçə məşhur həmin şəxsləri polisə verərək tutdurmuşdu…

– Başıma hər hansı iş gələndə polisə üz tuturam, onlar bizim dayağımızdır. Maraqlıdır ki, məni təhqir edənlərin çoxu qadınlardır. Amma mən heç bir videomda xanımlara qarşı hörmətsizlik etməmişəm, onlara vaynlar çəkməmişəm. Tənqid obyektlərim əsasən kişilərdir.

– Qadınlarla bağlı vaynlar niyə çəkmisiniz? Onların tənqid ediləsi qüsurları yoxdurmu?

– Niyə yoxdur, o qədər əsas var ki… Ünvanıma təhqir yazan qadınlar gecələr “çox hörmətli” ərəb turistlərin yanında görmək olar. Namusu, arı və izzəti olan adam niyə mənim paylaşımıma təhqir yazsın ki? Əri olan qadın Səbuhi Xanlarovu instaqramda niyə təhqir etsin?

Qadınlar sosial şəbəkədən mənə görüş təklifləri edir, bir-iki dəfə danışdırandan sonra bəlli olur ki, sən demə, evlidir. Onları dərhal bloka atıram. Belə halları qəbul edə bilmirəm. Sonra görürəm ki, bloka atdığım qadınlar saxta profil açaraq səhifələrdə ünvanıma pis sözlər yazır.

– Paylaşdığınız hansısa videoya görə başınız ağrıyıb?

– Çox olub. Məsələn, bu yaxınlarda bir nəfər yaxınlaşıb 160 min manat dəyərində 190 illik kredit istəmişdi. Onu çəkib instaqrama qoymuşdum. Sonra qohumları zəng edib xahiş etdilər ki, videonu silim.

Bir üzdənirağı da çəkərək videosunu paylaşmışdım. Sonra sırf ona görə problem yaşadım. Don geyindirdilər ki, guya xəstədir. Halbuki, xəstə deyildi, yaşam tərzi elə o idi.

– Azərbaycanlı vaynerlərin çəkdikləri sizi qane edir?

– Əlixan və Taleh Yüzbəyovun yaratdığı obrazları bəyənirəm, onları dəstəkləyirəm. Çünki həqiqətən də savadlı insanlardır. Digərləri haqqında xoş fikir deyə bilməyəcəyəm. Yasamalda böyüyən uşaqlar da video çəkib guya vayner olurlar.

– Kimi nəzərdə tutursunuz?

– Abbas Bağırovun oğlu – Hüseyn Əzizoğlunu (Maşın şouda baş verənlərə işarə edir – red) Küçədə böyümüş adamdır, mauqlidir.

Bir neçə gün əvvəl “İki mal” adlı film izlədim, söyüşlərdən dəhşətə gəldim. Necə olur ki, cəmiyyətimiz kinoteatrlarda göstərilən bu filmdəki söyüşləri qəbul edir, amma məni təhqir edirlər ki, söyüş işlədirəm.

Baxdığınız bir neçə filmə yazdığım bir neçə ssenarisini satmışam. Çünki ehtiyacım var idi. Təəssüf ki, filmin təqdimatına dəvət etmədilər. Halbuki onun əziyyətini mən çəkmişəm. O filmlərdə on minlərlə pul qazanmışdılar, amma zəng edib bir çox sağ ol demədilər.

– Satdığınız ssenarinin müqabilində istədiyiniz pulu ala bilmisiniz?

– Bəli, bir ssenarini 60 min manata satmışdım.

– Sosial şəbəkələrdəki fəaliyyətinizlə bağlı gələcək planlarınızda nələr var?

– Yeni bir layihə üzərində çalışıram. Bu, elə bir layihədir ki, Azərbaycanda onu həyata keçirən ilk şəxs mən olacağam. Əlavə məlumat vermək istəmirəm, çünki hələ tezdir. Hazır olduqdan sonra çıxıb qürurla deyəcəyəm ki, bu işi Azərbaycanda ilk dəfə mən etmişəm.

– Bu yaxınlarda Moskvada yaşayan həmyerlimiz, instaqram fenomeni Hüseyn Həsənov Bakıya gəlmişdi. Onun izləyiciləri ilə görüşündə böyük ajiotaj yaşanmışdı.

– Əlixan bu hadisəni çox gözəl tənqid etmişdi. Videoya baxanda xəcalət çəkdim, o cür “canfəşanlıq” nəyə lazım idi. İnsanlar sürü şəklində Hüseynin ardınca qaçırdı, axı həqiqətən də yeri yox idi. Sonra da deyirlər ki, Əlixan xalqı təhqir edir, qoyuna oxşadır…

Hüseyn Həsənov kimdir ki? Adi bir vaynerdir də, onu başqalarından fərqləndirən hansısa üstün cəhəti yoxdur axı. Onu vətəndaşlardan bir pillə fərqləndirən cəhət sadəcə tanınmağındır.

Hüseyn kiminsə maşınının üstünə çıxmışdı, maşının hərtərəfi əzilmişdi, şüşələri qırılmışdı, bildiyim qədəriylə o, dəyən zərəri ödəməyib. Bütün bunlar onun tərbiyəsizliyini göstərir.

– Sizcə, insanlar sizin trollarınızı anlayır?

– Sözsüz ki, çoxları nə demək istədiyimi anlayır və bəyənir. Xalqın adından danışmaq istəməzdim, lakin görürəm ki, mən çoxlarının demək istədiyini hadisələri çəkib göstərirəm. Bir azərbaycanlı olaraq cəmiyyətimizin ucuzlaşmağı bizə yaraşmır. Biz qoç Koroğlu nəslindənik, biz türkük!

Samirolda, Bayram Nurlu kimi insanlar sosial şəbəkələrdə böyük izləyici toplayaraq cəmiyyəti öz ardınca aparır. Görün cəmiyyətimizin sükanı kimlərin əlindədir… Ən acınacaqlısı odur ki, insanlar onların izi ilə gedir… Evdə böyüyən körpə uşaqlarımız kimə baxıb nümunə götürəcək? Onların həyasızlığından “ibrət” götürəcəklər?

Son vaxtlarda baxıcılıq təbliğ olunur. Bildiyiniz kimi, baxıcılığa Azərbaycan cinayət məcəlləsində üç ildən yeddi ilə qədər iş düşür. Bayram Nurluya kim inanırsa, hamısı elə onun vəziyyətindədir. Elgizi heç sağ olmasın, Bayram Nurlunu o, məşhurlaşdırdı.

– Sizcə, bizim ən mənfi xüsusiyyətlərimiz hansılar?

– Saflıq, səmimilik və ürəyi yumşaqlıq əslində bizim pis cəhətlərimizdir. Ona görə ki, onlar kimilərini (Bayram Nurlu və Samiraldonu nəzərdə tutur) meydana salıb oynadırıq, sonra isə ürəyimizin saflığından onlara yazığımız gəlir, “əşşi xəstədir də” deyib üstündən keçirik. Amma xəstə dediyimiz adamlar uşaqlarımızın tərbiyəsini pozur, cəmiyyətimizin adını ləkələyir, namusuna toxunur. Bəzən onları nüfuzlu məclislərin keçirildiyi lüks restoranlarda görürəm. Onları elit adamların yanında görəndə şoka düşürəm. Belələriylə heç vaxt eyni məclisdə otura bilmirəm.

– Biz cəmiyyət olaraq 20 il əvvəl Lui De Fines, Piyer Rişar və ənənəvi Çarli Çaplin kimi aktyorlara, o cümlədən milli komediya ustalarına baxıb gülürdük. İndi isə ucuz səhnəciklərə və ssenarilərə gülməyə məhkum olunmuşuq. Efirlərdə ucuz şoular göstərilir, onlar hamısı evimizə dəvətsiz qonaq kimi gəlir. Söylədiklərinizdən aydın olur ki, cəmiyyətin uçuruma doğru sürüklənməsi sizi heyfsiləndirir. Maraqlıdır ki, bu vəziyyətdən çıxış yolu kimi nə təklif edə bilərsiniz?

– Elə insanları efirə çıxarırlar ki, adları onların kimliyi haqqında artıq müəyyən təsəvvür yaradır. Bizi onlara baxmağa məcbur edən struktur kökündən dəyişməlidir. Artıq uzun illərdir ki, İctimai kanaldan və Murad Dadaşovun “Maşın” şousundan başqa heç bir proqramı izləmirəm. Ümumiyyətlə, yerli kanallara baxmıram. Yeganə çıxış yolu odur ki, səviyyəsiz insanlara efir qadağası qoyulsun. Onlara qarşı çox sərt davranmaq lazımdır.

Azərbaycanda çəkilən komediya filmlərinin əksəriyyəti bərbad səviyyədədir. Reytinq naminə sətirlaltı mənalardan çox istifadə olunur. “My name is İntiqam” filmində kifayət qədər biədəb sözlər və beldən aşağı zarafatlar işlədilmişdi. Bəli, mən də videolarda kəskin sözlər demişəm, amma bunu efirə çıxanda etməmişəm axı.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol