Hindistandan Azərbaycana üç manata ət gətirib nə etdilər – AÇIQLAMA – FOTO

Загрузка...

Qida Təhlükəsizliyi Agentliyindən Luxlife.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:

“Məhsullardan götürülən nümunələr AQTA-nın müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır.

Həmçinin, dondurulmuş ət məhsulları ilə bağlı Agentliyə konkret faktlara əsaslanan hər hansı bir şikayət daxil olarsa, növbədənkənar yoxlamalar həyata keçirilir  və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların dondurulmuş ət məhsullarının tərkibi ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər”.

Bəs dondurulmuş ətin saxlanma müddəti nə qədərdir? 

Agentlikdən bildirilib ki, ərzaq məhsullarının uzunmüddətli təzəliyinin qorunub-saxlanması üçün ən çox üstünlük verilən üsul dondurmaqdır:

“Lakin dondurucudan istifadə etdikdə bir sıra problemlər yarana bilər. Məsələn, ətlər buzlu halda qətiyyən bişirilməməli, mütləq şəkildə donu açılaraq istehlak olunmalıdır. Ətin bişirilməsi qədər saxlanması da vacibdir. Dondurulmuş ətlərdə qida dəyər göstəricilərinin qorunub saxlanması və  bakteriyalarla yoluxmanın qarşısının alınması sağlamlıq üçün olduqca vacibdir.

Donun açılması zamanı ayrılan ət şirəsinin miqdarı dondurma və donun açılması sürətindən asılıdır. Sürətli dondurulan və yavaş soyudulan ətlərdə ayrılan ət suyunun miqdarı az, yavaş dondurulan və sürətli donu açılan ətlərdə isə əksinədir. Bundan əlavə, əti hissələrə ayıraraq donunun açılması tövsiyə olunmur, çünki belə olduqda ətin qida dəyəri aşağı düşür.

Əti isti suda saxlamaq düzgün deyil, bu zaman ətin xarici hissəsi bişərək daxili təbəqələrdə bakteriyaların yaranmasına şərait yaradır. Mikrodalğalı sobalarda ətin donunun açılması isə tövsiyə olunmur. Bu halda xarici qat bişir, daxili təbəqə isə buzlu qalır. Normal olaraq əti otaq temperaturunda bir neçə saat saxlayırıq və bu proses bir az daha uzun çəkir”.

“Havasız şəraitdə qablaşdırılmış dondurulmuş ətlər qablaşmaya zərər gəlməyəcək şəkildə soyuq su içərisinə qoyularaq donu açıla bilər, lakin bu üsulla su hər yarım saatdan bir dəyişdirilməlidir. Ən təhlükəsiz üsul isə bişirməzdən bir gün əvvəl əti dondurucudan çıxararaq soyuducunun alt qatında yerləşdirməkdir.

Soyuducunun alt qatlarında buzu açılmış ətlər 3-5 günə qədər saxlanıla bilər. Bu ətlər təkrar dondurula bilər, ancaq soyuducuya isti yeməklərin qoyulması donu açılmış ətlərdə temperaturun artmasına səbəb olacağından donu açılmış bu cür ətlərin təkrar dondurulmaması tövsiyə olunur.

Mikrodalğalı sobada və suda donu açılmış ətləri ən qısa zaman içərisində istehlak etmək və bu ətləri yenidən dondurmamaq tövsiyə olunur. Çünki dondurulduqda bakteriyalar növbəti dəfə donun açılması zamanı çoxalaraq qida zəhərlənmələrinə səbəb ola bilər”, – deyə AQTA-dan qeyd edilib.

Agentlikdən bildirilib ki, dondurulması nəzərdə tutulmuş ət, yüksək keyfiyyətli olmaqla baytarlıq sanitariya tələblərinə cavab verməlidir:

“Dondurulmuş əti  -18*C -25*C-də bir il müddətində saxlamaq mümkündür. Lakin ət saxlanılan soyuducu dolabların sanitariya normalarına uyğun olması üçün texnoloqlar tərəfindən tam nəzarətdə saxlanılmalıdır. Ət tez xarab olan yeyinti məhsuludur. Odur ki, ət yüksək temperatur nisbi nəmlik və sanitariya cəhətdən düzgün şəraitdə saxlanmalıdır. Ətin dondurulmasının ən yüksək temperaturu -10*C,  ən aşağı temperaturu isə -60*C-dir. 

Ətin dondurulmasının üç növü var:

1. Yavaş dondurulma zamanı havanın temperaturu  -18 -23*C, nisbi rütubət 90-95% cərəyan etmə sürəti 0,1- 0,2 m/san olmalıdır.

2. İntensiv dondurulma zamanı havanın temperaturu -23 – 30*, nisbi rütubət 90 – 95%, havanın cərəyan etmə surəti 0,5- 0,8 m/san olmalıdır.  

3. Surətli dondurulma zamanı havanın temperaturu -30 – 35*C-də, nisbi rütubət 95-98%, havanın cərəyan etmə surəti 1-4 m/san olmalıdır. “Əgər yuxarıda göstərilən normalar pozularsa, saxlanılan ətlərdə seliklənmə, qızarma, göyərmə, işıqlanma, kiflənmə, qızışma və iylənmə müşahidə edilir”.

Abşeronda mənşəyi məlum olmayan 1,6 ton ət məhv edilib – FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təhlükəli Tullantılar” poliqonunda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən mənşəyi məlum olmayan, insan orqanizmi üçün yararsız 1,6 ton ət məhv edilib.

AQTA-dan Luxlife.az-a verilən məlumata görə, bir müddət öncə Agentliyin mütəxəssisləri tərəfindən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Rzaxanov Rasim Ehtiqat oğluna məxsus qanunsuz heyvan kəsimi və emalı müəssisəsində, eyni zamanda, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Tac ət” MMC-də monitorinq keçirilib. 

Monitorinq zamanı kəskin qoxulu, mənşəyi məlum olmayan heyvan cəmdəklərindən nümunələr götürülüb və Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində həmin ətin insan orqanizmi üçün zərərli və istehlaka yararsız olduğu aşkarlanıb. Hazırda bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən aidiyyəti tədbirlər həyata keçirilib.