“Kişi qadını çiynində daşıya bilməlidir” – Aysun

Загрузка...

– Son günlər mediada ən çox müzakirə edilən müğənnilərdən birisiniz. Sizcə, bu, gənc həmkarlarınızı qıcıqlandırmır?

– Yox, düşünmürəm, nə də hiss etmirəm. Çünki heç biri ilə nə problemim, nə küsülülüyüm, nə də düşmənçiliyim var. Hamısını çox sevirəm, həmçinin də, onlar məni.

– Şou-biznesdəki problemləri uşaq vaxtınızdan görmüsünüz. Buraya müğənni kimi daxil olmaq sizi qorxutmur ki?

– Tək şou-biznesdə yox, həyatda heç kimdən qorxum yoxdur. İlk növbədə allahım, daha sonra atamla anam var. Attığım hər addımı gözəl bilirəm, heç kimin yanında başıaşağı işim yoxdur ki, kimdənsə qorxum.

– Aysunu həyatdan və işindən nə soyuda bilər?

– Vallah, elə bir şey yoxdur (gülür).

– Bəs, sizi nə xoşbəxt edir?

– Alış-veriş etməyi çox sevirəm. Bu, məni xoşbəxt edir.

– Yadımdadır, aylıq 60 minlik alış-veriş edirdiniz…

– Yox, o qədər etmirəm (gülür). Gül və çiçəklər hədiyyə almağı, parfümü və maşını sevirəm. Amma hazırda kiçik bacımı görürəmsə, ürəyim gedir. Onda balaca Aysun oluram və bu məni xoşbəxt edir. Karaokeyə gedib, qəmli mahnılar oxuyanda da xoşbəxt oluram (gülür).

– Qəmli mahnılar oxuyub, xoşbəxt olan adam birinci dəfədir ki, görürəm… Əksinə, insan depressiv ola bilər axı.

– Məndə elə deyil. Mən gedirəm, çoxlu mahnılar oxuyuram, bütün qəmi-dərdi atıram. Məkandan çıxıb, avtomobilə oturanda artıq “çıkıdı-çıkıdı” mahnılara qulaq asıram. Səidə Sultan demiş, hind mahnılarına (gülür).

– Heç kimi sevməməklə, ən qorxulu ağrıdan azad olmaq olar?

– Sevginin acısının da öz dadı-duzu var. Sevəndə yaxşıdır, acısını çəkəndə pis?

– Bir az hə…

– Təbii ki, olur, amma keçir də. Zaman hər şeyə çarədir. O qədər zamanın üstünə atmışıq ki, hər şeyi, indi o da keçmir. Sevmək gözəl hissdir, amma bacarana.

– Aysun sevməyi bacarır?

– Aysun sevməyi çox gözəl bacarar.

– Bacarar yoxsa, bacarır?

– Bacarır yox, bacarar (gülür). İncitmədən, dəyər verərək, çox sevərək bacarar.

– Oskar Uayld deyir ki, kişilər həyatı tez, qadınlar isə gec qavrayır. Bu fikirlə razısınız?

– Məncə, əksinədir. 20 yaşlı bir xanım 27 yaşlı qadının düşüncəsi qədər yetkinləşə bilər. Lakin 20 yaşlı bir kişi, 14 yaşındakı bir oğlanın düşüncəsindədir.

– Burada həyat tərzinin də rolu var axı…

– Sözsüz ki, o da, böyük rol oynayır. Ancaq fikrimcə, qadınlar kişilərdən daha yetkin olur.

– Röya Ayxan isə deyib ki, kişilər daha üstündür…

– Əslində, onun da fikrində həqiqət var. Ümumiyyətlə, kişi qadından hər mənada güclü olmalıdır. Qadını çiynində daşıya bilməlidir. Lakin, qadın bir körpəni dünyaya gətirir, o ağrı-acını yaşayır. Ancaq kişi o ağrıya dözə bilmir. Onun üçün düşünürəm ki, biz daha güclüyük. Qadın uşağı böyüdür, edir sabahın əsgəri. Amma kişi onu bacarmır. Kişi pulu ilə, fiziki gücü ilə qadından güclü ola bilər. Mənəvi olaraq biz daha güclüyük.

– Aysunun gözünə kim dik baxa bilmir?

– Sən nə çətin suallar verirsən (gülür). Heç kimlə problemim yoxdur, elə bir şey də ola bilməz.