“Land Rover” daha bir modeldən imtina edib – FOTO

Загрузка...

Adı gələcək modellər üçün ehtiyatda saxlanacaq

Range Rover SV Coupe modelinin ardınca Land Rover şirkəti daha bir modelin buraxılmasından imtina edib – bu Discovery modelinin hardkor variantı olan Discovery SVX ofrouderidir. 2017-ci ildə nümayiş etdirilmiş konseptin seriya variantının keçən ilin sonunda satışa çıxacağı bildirilirdi.

Hardkor ofrouderin buraxılışı ilə Special Vehicle Operations (SVO) bölməsi məşğul olmalı idi. Hardkor Discovery SVX modeli Land Rover markasının model xəttində SVR və SVAutobiograpy modifikasiyaları ilə bir cərgədə durmalı idi. Land Rover Discovery SVX modelini V8 mühərriki ilə təchiz etmək planlaşdırılırdı. Şirkət nümayəndələrinin bildirdiyinə görə, avtomobil üçün başqa mühərrik nəzərdə tutulmamışdı. Bununla belə, SVX adı gələcək modellər üçün ehtiyatda saxlanacaqdır.

Land Rover Dscovery SVX konsepti 525 at qüvvəsi və 625 Nm fırlanma anı hasil edən 5,0-litrlik kompressorlu V8 mühərriki ilə təchiz edilmişdi. Ofrouder pnevmoasqı və aktiv köndələn dayanıqlılıq stabilizatorları, aktiv mərkəzi differensial, elektronika ilə idarələnən arxa differensial və Terrain Response II hərəkət rejimlərinin seçilməsi sistemi ilə təchiz edilirdi. (Autograph)