“Mələyin öpüşü” silindi

Загрузка...

Rəqqasə Oksana Rəsulovanın sahibi olduğu prodakşın tərəfindən lentə alınan “Mələyin öpüşü” filiminin üzünə yenə şans gülməyib. 

Luxlife.az-ın məlumatına görə, təqdim olunduğu gündən ətrafında qalmaqal bitməyən ekran işi bu dəfə “Youtube”dən silinib. Buna səbəb isə filmdə müəllif hüquqlarının pozulması olub.

2017-ci ildə təqdimatı keçirilən və ötən il “Youtube”də yerləşdirilən filmin izlənmə sayı da 10 mini keçmişdi. 

Qeyd edək ki, filmdə Oksana keçmiş həyat yoldaşı reper Elşad Xose ilə birlikdə çəkilmişdi. Onlar ekran işindəki öpüşmə səhnəsi ilə səs-küy yaratmışdı. 

Film sentyabrda təqdim olunmuş, həmin ilin noyabrında kinoteatrlardan yığışdırılmışdı. Oksana açıqlamasında ekran işinə xərclədiyi məbləği götürə bilmədiyini demişdi. 

Bir məqam isə “Mələyin öpüşü”nün İngiltərədə çəkilən “Səninlə görüşənə qədər” adlı ekran işi ilə oxşar olduğu haqda yazılmışdı. Ssenarinin oğurluq olduğu iddia edilsə də, Oksana və yaradıcı heyət bunu qəbul etməmişdi.

Filmdə xalq artisti Fuad Poladov, əməkdar artist Şamil Süleymanov, aktrisa Münəvvər Əliyeva, müğənni İlhamə Qasımova, aktyor-aparıcı Şəhriyar Əbilov da rol alıblar.