“Mən heç vaxt ana ola bilmədim, ana” – Qənirə Paşayevanın doğum günüdür – VİDEO

Загрузка...

Bu gün Milli Məclisin ən fəal millət vəkillərindən olan Qənirə Paşayevanın ad günüdür.

Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.

Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitib. 1998-ci ildən ANS-in “Xəbərlər xidməti”ndə bir sıra vəzifələrdə çalışdıqdan sonra redaksiyanın baş redaktor müavini olub. 2005-ci ildən isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb. Eyni ildə Milli Məclisə üzv seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. 10 illik millət vəkili fəaliyyəti dövründə Azərbaycanın AŞPA və AVRONEST-dəki nümayəndə heyətinin üzvü kimi ölkəmizin tanıdılması, Qarabağ həqiqətlərinin dünyada daha geniş yayılmasında böyük xidmətləri olub. Xüsusilə son zamanlar Türkiyənin bir çox şəhərlərində Xocalı soyqırımı və Qarabağ həqiqətləri ilə bağlı apardığı genişmiqyaslı təbliğat diqqəti daha çox cəlb edir. “Nobel mükafatlı qadınlar”, “Tarixə adını yazan qadınlar”, “Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən”, “Qarabağ hekayələri” və s. Kitabların və onlarla məqalənin müəllifidir. Gürcüstanın fəxri vətəndaşıdır. Subaydır. Firuzə adlı mənəvi qızı var.

AZXEBER.COM olaraq Qənirə xanımı təbrik edir, gələcək fəaliyyətində ona uğurlar arzu edirik!

Qənirə Paşayevanın sosial şəbəkələrdə paylaşım rekordu qıran şeirini təqdim edirik:

Ana
(Qənirə Paşayeva)

Bu gecə yata bilmədim, ana,
36 yaşın qorxusu vardı içimdə.
Məni 37-yə aparan gecənin
səhərində soyuq var
Üşüdüm, ana!
Bütün gecə
Səsin gəldi qulaqlarıma –
Keçmişdən səsin gəlirdi:
“Böyü, qızım,
Yeri, qızım,
Dil aç, qızım!” – deyirdin…
Böyüdüm, ana,
Tarixin ən amansız illərində böyüdüm.
Dil açdım, ana,
Həyatın ən çətin yollarında
Yeridim, ana!
Amansızca vuran oldu,
Yıxılıb-qalxdığım oldu…
Qalxdım qalxmağına,
amma canım çox ağrıdı,
Qəlbim çox ağrıdı, Ana…
Sən mənə bu dünyada
Qadın olmanın,
Belə çətin olduğunu,
Deməmişdin axı…
Ayaqların üstündə durmaq,
Namusunla yaşamaq,
Haqq bildiyini söyləmək istəsən,
Qadın olmanın bədəli çox ağırmış, ana!
Sən mənə belə deməmişdin axı…
Heç kimə göstərmədim göz yaşlarımı,
İçimə axıtmağı öyrəndim, ana,
Xoşbəxtliyi oynamağı…
Ürəyim ovcumdaykən
Başım dimdik gəzməyi.
Məni vuranları sevindirməmək üçün,
Yıxılmamağı öyrəndim, ana!
Yalandan gülməyi elə öyrəndim ki,
Gülməyin əslini unutdum.
Xoşbəxtliyi oynamagı elə öyrəndim ki,
Xoşbəxtlik necə olur əslində – unutdum…
Bu gecə
Səsin gəlirdi qulaqlarıma –
Mənə nağıl danışırdın,
Xeyirin həmişə Şərə qalib gələcəyini deyirdin.
Mən düz 36 il Xeyirin qələbəsini gözlədim,
Şər qalib gələndə ağladım, ana!
Sənin nağılların belə qurtarmırdı axı…
Səni dinləyirdim, ana,
“Biri vardı, biri yox” deyirdin.
Mənim nağılımda
“Biri yoxdu”lar daha çox oldu, axı…
Böyüdüm, ana,
Daha o qız deyiləm,
Ağrı və göz yaşlarıylaBöyüyən qadınam…

Yadındamı, ana,
Kəbə yolu gedirdik,
Sən sakitcə dua eləyirdin.
Birdən səndən
Kimə dua elədiyini soruşdum.
Üzümə baxıb:
“Ana olanda anlarsan” – dedin.
Mən ana olmadım, ana…
Amma səni az da olsa, anlaya bilirəm…
Arxadan vuran dostları,
Qəlbimi verdiyim sevgilinin
Ögey baxışlarını görəndə,
Anladım, ana,
Sən söykənə biləcəyim
Tək varlıqsan…
Sevincimi bölüşdüm səninlə,
Amma üzülməyəsən deyə
Kədərimi bölüşmədim, ana.
Kədərimdən əzilməyəsən, deyə.
Əslində kədərimi tək sən gördün,
İlk sevdam daşa dəyəndə,
Məni təkcə sən anladın.
Mən səndə gördüm insanı anlamağın necə
səssiz olduğunu…
Sevdiyim mənə
– Sən mənim heç nəyimsən! –
Deyəndən beşcə dəqiqə sonra,
Sən mənə
– Sən mənim hər şeyimsən! – demişdin.
Sən mənə bunu deyəndə,
Mən sənin deyil, onun hər şeyi olmaq
istəyirdim.
Amma həmişə belə oldu,
Yanımda həmişə sən oldun, ana…
Sənin gözlərində
Qəzəblərin ən gözəli olurdu,
Kimlərsə məni ağladanda.
Gözlərində alovların ən qaynarı olurdu,
Kimlərsə məni aldadanda…
Qaçqınların yurd həsrətini,
Atılmış körpələrin göz yaşlarını
İçimdə hiss elədim.
Taledən yarımayanların, ürkək baxışlarını
İçimdə hiss elədim.
Savaşda itirdiyim dostlarımın,
Gözlərini, arzularını, xəyallarını
Heç unutmadım, ana..
Məni ağrılar büyütdü,
Daha güclü oldum, ana!
Gəncliyin, eşqin, sevdanın dadı,
ağrılarda, savaşlarda itib getdi.
Sonra sevgini tanıyanda
O artıq məndən qaçırdı…
37 yaşıma çatdım, ana,
Tonqala atılan Jannadan,
Vətən ugrunda Kirin başını kəsən Tomrisdən,
İsgəndərə ədalət dərsi keçən Nüşabədən,
Sevgi şəhidi Leylidən
Daha çox yaşadım, ana!
Amma nə Tomris ola bildim,
Nə Nüşabə, nə Janna,
Leyli də ola bilmədim, ana…
Əvəzində sənin hər şeyin oldum,
Məni uşaqlığıma apar, ana,
Sonu xoşbəxtliklə qurtaran nağıllar danış.
“Biri var”ları çox olsun,
37 yaşımın ilk sabahını
Sənin nağıllarına inanaraq açmaq istəyirəm.