Atatürkün sevdiyi rəqs – Zeybek! Əsrlərdən bu günə – Video

Müəllif: Nigar Rahmanova

Mustafa Kamal rəqsə aşiq idi. Rəqs onun üçün sevgi kimi idi. Həm vazkeçilməz, həm də başfırladan…

Hələ uşaq vaxtlarından əksər Avropa salon rəqslərini mükəmməl səviyyədə öyrənməyə başlamışdı o. Rəqs onun üçün yüksək mədəniyyət və zövqün göstəricisi idi.

Məşhur türk oyunu zeybeki məşhurlaşdıran və salonların vazkeçilməzinə çevirən də o idi. İzmirdə Qız Müəllimlər Məktəbini ziyarətə gələrkən türk idmançısı Selim Sırrı Tarcan və qadın yazar Muala Anılın zeybek rəqsini görən Atatürk bu oyunun bir salon rəqsinə çevrilməsini arzu etdiyini belə bildirir:

“Selim Sırrı bəy bu rəqsi yenidən canlandırarkən ona daha kübar forma verdi. Bu ustad sənətkarın rəqsi hər kəs tərəfindən sevə-sevə qəbul edilərək, cəmiyyət həyatında yer tutacaq qədər inkişaf etmiş, gözəl bir şəkil almışdır. Artıq Avropalılara, – “Bizim də mükəmməl bir rəqsimiz var”, – deyərək, bu oyunu salonlarımızda, yığıncaqlarımızda oyanaya bilərik. Zeybek rəqsi hər yığıncaqda qadınla birlikdə oynanıla bilər və oynanılmalıdır”

Kişilərin öz gücünü, qüdrətini vücudən nümayiş etdirdiyi zeybek rəqsi Türkiyənin Ege bölgəsinə xas milli oyunudur.

Türklərin ən yavaş oynanılan xalq oyunudur zeybek. Həm qrup şəklində, çevrə qurularaq, həm də tək formada oynanılan bu rəqsin sadə texnikası olmasına baxmayaraq, özündə məğrur bir hava ehtiva edir. Xalqın müdafiəçisi olan qəhrəman-zeybek sanki öz gücünü, qüdrətini bu rəqs vasitəsilə bəyan edir.

Qollarını çiyinləri məsafəsində açır, əllər isə baş məsafəsinə qalxır. İri addımlarla ağır-ağır hərəkət edir, bəzən qollarını dirsək hissədən yüngülcə “qırır”, dizlərini isə yerə vurur.

Zeybek ifaçılarının geyimi maraqlıdır: “güdük” adlandırılan qısa şalvar, dizə qədər olan uzun çəkmələr, qırmızı rəngli başlıq (türkcə “fes”adlandırılır), köynək və qurşaqdan ibarətdir.

Bəs görəsən, “zeybek” adı necə formalaşıb və hansı mənanı ifadə edir?

11-ci əsrdə Səlcuq türkləri sərt və keçilməz İran torpaqlarından keçərək, iki böyük döyüşdə qalıb gəlib (Qars-1064, Malazgird-1071), Anadoluda məskunlaşırlar. Zamanla bu torpaqlara yayılan səlcuqlar öz idarəetmə sistemlərini qururlar. Məlumdur ki, onlar Anadoluya  böyük tayfalar şəklində köç etmişdilər. Tayfanı idarə edən üç qüvvə var idi: bəy, ağsaqqallar məclisi və tayfanın qəhrəmanı. Tayfa ilə əlaqəli hər hansı mövzu yarandıqda ağsaqqallar məclisində müzakirəyə qoyulur, alınan qərarın icrası isə bəyin köməkçisi olan qəhrəmana həvalə edilirdi. “Zeybek” sözü də elə buradan yaranıb. Səlcuq hökumətində fars dilindən istifadə edilirdi. “Zeybek” fars dilində iki sözün birləşməsindən əmələ gəlmiş mürəkkəb sözdür: “ziy” və “yi-bek”. “Ziy-yi” kəliməsi farscada “geyim”, “libas” mənasını, “bek” isə elə bizim bildiyimiz “bəy” mənasını ifadə edir. Belə ki, bəylərin köməkçiləri olan həmin qəhrəmanlar bəy kimi geyinib-keçindikləri üçün onları “zeybek” adlandırırdılar.

Səlcuq dövlətində “uc torpaqları” anlayışı var idi. Həmin torpaqlar Səlcuqların sərhəd torpaqları idi və orada bəyliklər qurulmuşdu. Uc bəyləri, yəni “sancaq”lar öz ərazilərində hücumçu əsgərlərdən ibarət qruplar- zeybekliklər yaratmışdılar. Həmin zeybeklərin vəzifəsi isə Bizans və Moğol hücumlarına qarşı öz ərazilərini qorumaq idi. Aydını fəth edən Qazi Menteşenin ləqəbi “zeybek”idi. Uc bəyliyi olması səbəbindən, Menteşeoğullarına da zeybeklik qurulması həvalə edilir. Zeybek anlayışının mənşəyinə dair fikirlərdən biri də budur. Axı zeybek Mərkəzi Aydın daxil olmaqla, Çanaqqaladan Aydına qədər uzanan Qərbi Anadolu torpaqlarında, xüsusilə də dağlıq ərazilərdə yaşayan döyüşçülərə deyilirdi.

Beləliklə, xalq tərəfindən böyük hörmət və sevgi qazanan zeybeklər arasında məşhurlaşan bu rəqs, milli xalq oyununa çevrilə bilir. Zamanla quruluş və texniki baxımından tamamən formalaşır və nəhayət, 20-ci əsrdə Mustafa Kamal Atatürkün sevimli rəqsi olaraq, yüksək türk mədəniyyətinin göstərici kimi, yuxarı zümrə arasında da xüsusi yer alamağa başlayır.

Bal rəqslərinə vurğun olan Atatürk 1938-ci il fevral ayının 2-də Bursa Bələdiyyəsi tərəfindən onun şərəfinə təşkil edilmiş bala qatılır. Ölümündən 8 ay öncəyə təsadüf edən bu bal onun həyatının “Son balı” olaraq tarixə keçir. Xəstə olmasına baxmayaraq, o, məmnuniyyətlə balın haqqını verir. Xəstə olması onun gözəl və füsunkar vals rəqsinə də mane olmur. Çevik, qıvraq hərəkətlərlə salondakıları heyran qoyur Mustafa Kamal. Lakin bu balı unudulmaz edən bir məqam var idi… Zeybek! Valsın ardından azərbaycanlı orkestr rəhbərinə ucadan səslənir: “Zeybek!” Musiqi başlayır və o Atatürkün son zeybeki olaraq tarixə yazılır. Mustafa Kamal, sanki illərlə qazandığı hörməti, məğrurluğu və sevgini bu rəqsə tökərək, hər kəsin gözünü qırpmadan tamaşa etdiyi gözəl bir mədəni nümunəyə son və əvəzedilməz imzasını atır!

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol