Qəçrəşin füsunkar qış mənzərələri

Загрузка...

Qəçrəş kəndi Quba rayon mərkəzindən təxminən 10 kilometr məsafədə yerləşir. Bu kəndin girişindəki meşə zolağı ölkəmizdə məşhurdur. Turistlər həm yay aylarında, həm də qışda Qəçrəş meşəsinin mənzərəsini seyr etməkdən zövq alırlar. Son illər dincəlmək üçün Qəçrəş meşəsini seçənlərin arasında əcnəbi turistlərin sayı xeyli artıb.

Luxlife.az xəbər verir ki, Azərtac-ın bölgə müxbiri Qəçrəşin qarlı mənzərəni izləməyə gələn israilli turistlərlə görüşüb, onların Azərbaycan haqqında fikirlərini öyrənib.

Zoya Memrayev İsrailin mərkəzi şəhərlərindən biri olan Or-Akiva şəhərindən gəlib. Azərbaycanda sonuncu dəfə 40 il əvvəl olduğunu deyən qonaq bildirib: “Şəhərlər çox dəyişib, müasirləşib. Amma dəyişməyən bir şey var: insanların xoş rəftarı və mehriban münasibəti. Qubada hər tərəf ağ örpəyə bürünüb. Təmiz hava və gözəl mənzərə var. Qubadan sonra Bakıya gedəcəyik. Bu yerlər mənə çox doğmadır. Çünki özüm də əslən Dərbənd şəhərindənəm. Amma uzun illərdir İsraildə yaşayırıq”.

Oleq Pisaxov isə Azərbaycanı yaxşı tanıdığından İsraildən gələn turistlərə bələdçilik edir. İndi İsraildə yaşasa da Qubada doğulub boya-başa çatıb. “Bura mənə çox doğma məkandır. Azərbaycana səyahət turları təşkil edirik. Hər ay Azərbaycana səfər edirik. Bu dəfə 30 nəfərlik qrupla gəlmişik. Turistlərin ən çox xoşuna gələn təbiət mənzərələridir. Bir həftəlik səfərimizdə Qubada, Şəkidə, Şamaxıda olmuşuq. Yay aylarında turlarımız on günlük olur”, – deyə O.Pisaxov müsahibəsində bildirib.

Dora Meirov adlı israilli turist də Azərbaycana səfərindən çox məmnun qalıb: “Azərbaycan daha da gözəlləşib. Bakını, Azərbaycan dilini, yeməklərinizi çox bəyənirəm. İki gündür Qubadayıq. Qaldığımız oteldə bizə yüksək səviyyədə xidmət göstərdilər. Qarı çox sevirəm. Bəxtimizdən Qəçrəş bu gün ağ örpəyə bürünüb. Buradan sonra Bakıya gedəcəyik. Ekskursiyamız daha dörd gün davam edəcək”.

İstirahət üçün Qəçrəş meşələrinə üz tutan turistlər əsrarəngiz qış mənzərələrini seyr etməklə yanaşı, buradakı otel və restoranların xidmətlərindən istifadə edirlər. Yerli sakinlər tərəfindən turistlərə atla gəzinti və dadlı göy qutabı da təklif olunur.

Quba–Xınalıq turizm marşrutu üzərində ən çox istirahət mərkəzləri də məhz Qəçrəş kəndi ərazisindədir. Rayon iqtisadiyyatının inkişafında bu mərkəzlərin böyük rolu var. Qəçrəş və ətraf ərazilərdə dincəlmək üçün münasib qiymətə turizm obyekti tapmaq mümkündür.

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol