Sığorta şirkəti jurnalisti necə dolayıb?

Avtosfer.az portalının redaktoru, jurnalist Orxan Əli (rəsmi Əliyev – red.) “Standard İnsurance” şirkətindən şikayətçidir. Jurnalist deyir ki, 2019-cu ilin yanvar ayının 3-də idarə etdiyi “Chevrolet” markalı, 90 ZA 609 dövlət nömrə nişanlı avtomobil paytaxtın Neftçilər proqspektində taksi fəaliyyəti göstərən avtomobillə vurulub. Bundan sonra isə jurnalistin iztirablı günləri başlayıb.

O.Əli deyir ki, qarşı tərəfin avtomobilinin sığorta olunduğu “Standard İnsurance” şirkətinin əməkdaşı hadisə yerinə gəlib, fotoları çəkib. Sonra bildirib ki, zərərçəkmiş yol polisindən arayış aldıqdan sonra “Forma 4” blankı üçün şirkətə yaxınlaşmalıdır.
Yanvarın 4-də Orxan Əli Bakı Şəhər Dövlət Yol polisi İdarəsində olub. Onu qəbul edən Bəxtiyar adlı müfəttiş hadisədə günahın, həqiqətən də, qarşı tərəfdə olduğunu və buna dair videogörüntülərin mövcudluğunu bildirib. Yol polisindən müvafiq arayışı alan jurnalist sığorta şirkətinə yollanıb. Burada şirkətin Rəşad adlı əməkdaşı ilə görüşən Orxan Əli gözlənilməz mənzərə ilə üzləşib. Əməkdaş ona bildirib ki, qəza yerinə baxış keçirən işçi tərəfindən hadisədə günahkar tərəf kimi jurnalistin özü göstərilib və ona araşdırma şöbəsinə yaxınlaşmağı məsləhət görüb.

“”Standard İnsurance” şirkətinin Hicran adlı şöbə müdiri hadisədə qaranlıq məqamların olduğunu və bunun araşdırmasının vacibliyini bildirdi. Təbii ki, yol polisinin hadisəyə verdiyi qiymət qanunvericilikdə əsas götürülsə də, nədənsə keçmiş polis işçisi olan Hicran müəllim “araşdırmanı” yol polisinin deyil, özünün aparmasını “məqsədəuyğun” görüb. Ardınca Bəhruz adlı digər sığorta şirkəti əməkdaşına dövr edilən iş bir həftə ərzində “günahkar axtarışına” çıxdı. Nəticədə bir həftədən sonra yol polisinin ilkin qiymətləndirməsində jurnalistin günahkar olmaması şöbə müdiri Hicran müəllimə əyan oldu. Lakin sürpriz hələ qabaqda imiş,” – sürücü qeyd edib.

O.Əli deyir ki, nəhayət, 15 gündən sonra “Forma 4” alıb yol polisinə təqdim edib və DYP-nin rəyini sığorta şirkətinə çatdırıb. Ardınca qiymətləndirmə mərhələsində qəzanın şəkillərinə baxan əməkdaş heç bir hesablama aparmadan avtomobilə 1800 manat ziyan dəydiyini deyərək bu məbləği təklif edib. Məbləğlə razılaşmayan jurnalist avtomobilin servisdə qiymətləndirilməsini tələb etdikdən sonra “Performance centre”nin Babək filialına yönləndirilib. Təxminən bir həftə ərzində qiymətləndirililən avtomobilin təmirinə, nəhayət ki, bir aydan sonra – fevral ayının 3-də razılıq verilib. Məbləğ isə 2305 manat müəyyənləşdirilib.
Jurnalist servisdə təmir olunan avtomobilin təmir xərcinin birbaşa elə servisə ödənməsini istəyib. Lakin avtomobil təmirdən çıxdıqdan sonra servisin Səbuhi adlı əməkdaşı bildirib ki, avtomobilin təmirinə görə pul ödənilməyib, onun təmir sexindən buraxılması üçün pul ödənməlidir.

Yavarın 3-dən avtomoblilsiz qalan jurnalist sığorta şirkətinə pulun nə vaxt ödəniləcəyi ilə bağlı müraciət edib. Müqaviləyə imza atdıqdan və bank hesabı təqdim edildikdən sonra məbləğin 7 iş günü ərzində hesaba köçürüləcəyi bildirilib.

Servisdən jurnalistə deyiblər ki, o, girov qarşılığında avtomobilini götürə bilər. Bir həftədən sonra sığortadan pul alacağı ümidi ilə borc pul götürən jurnalist avtomobil üçün hesablanmış 2305 manatı servisdə girov qoyaraq avtomobilini götürüb.

Lakin jurnalist deyir ki, bir neçə gündən sonra pulun nə vaxt ödəniləcəyi ilə bağlı şirkətə zəng edəndə, sözün əsl mənasında, şok yaşayıb. Ona deyilib ki, pul aprel ayının 4-dən sonra ödənəcək.

Fevral ayının 21-də şirkətin ofisinə gedən jurnalist avtomobilin artıq təmirdən çıxdığını və pulun ödənilməsini tələb edib. Onu şirkətin Pərvin adlı əməkdaşının yanına yönləndiriblər. Pərvin adlı əməkdaş məsələni “araşdırdıqdan” sonra şirkətin digər əməkdaşı olan Zülfüqar adlı şəxslə telefon əlaqəsi saxlayıb. Zülfüqar adlı şəxs bildirib ki, hazırda servisdədir və bu məsələnin həlli ilə məşğuldur. Jurnalistə bildirilib ki, servis avtomobilin buraxılmasına razılıq verib.

Yenidən servisə gələn jurnalist qoyduğu girovu tələb edərək avtomobilin xərcinin sığorta şirkəti tərəfindən ödəniləcəyi ilə bağlı razılıq əldə olunduğunu deyib. Servisin Səbuhi adlı əməkdaşı isə sığorta şirkəti tərəfindən avtomobilin buraxılmasının xahiş olunduğunu və pulun ancaq mart ayının 20-dən sonra ödəniləcəyini deyib. Daha sonra servisin məsul şəxsi olan Nazim müəllimlə görüşən jurnalistə verilən cavab onu yenidən şoka salıb: “Sizin iki yolunuz var. Əgər girovunuzu istəyirsinizsə, o zaman avtomobil burada qalmalıdır. Ya da gedib sığortadan pulunuzu tələb edin”.

Yenidən sığorta şirkətinin Pərvin adlı əməkdaşına zəng edən jurnalist kobud cavab alıb: “Sən məni aldatmısan. Maşın səndədir. Get məsələni özün həll elə”.

İndi jurnalist deyir ki, çıxılmaz vəziyyətdə qalıb. Borc götürdüyü 2305 manatı nə sığorta şirkəti ödəyir, nə də servis geri qaytarır: “Artıq 2 aya yaxındır ki, bu şirkət mənim pulumu ödəmir. Qeyd edim ki, bu “Standard İnsurance” sığorta şirkəti ilə yeganə narazılıq deyil. Belə ki, Pərvin adlı şəxsin yanında olanda digər bir sürücü də əsəbi halda neçə gündür aldadıldığını deyirmiş…

O.Əlinin sözlərinə görə, sığorta şirkəti məbləği gec ödəməsinə əsas kimi hadisələrin çox olduğu və ziyanda olduqlarını əsas gətirir. “”Ziyandayıq, pulumuz yoxdur, ödəyə bilmirik”. Əslində, sığorta şirkətinin “ziyanda”, yaxud “xeyir”də olmasının müştəriyə nə aidiyyəti var?” – jurnalist deyib.

Məsələyə aydınlıq gətirmək üçün Milli.Az “Standard İnsurance” sığorta şirkətinə sorğu ilə müraciət edib. Şirkətin Marketinq şöbəsindən Aysel İsmayılzadə qısa araşdırmadan sonra bildirib ki, bu məsələdə sürücü Orxan Əliyev onlara böhtan atır: “Vətəndaşın şikayəti haqsızdır. Böhtan danışır. Onun problemi servislədir. Onlarla həll etməlidir. Bizlik bir şey yoxdur”.

Lakin şirkətin nümayəndəsi filankəs pulun niyə hələ də vətəndaşa ödənməməsinə və servislə problemin də məhz ödənmə səbəbindən yarandığına görə kimin məsuliyyət daşıdığına aydınlıq gətirməyib.
Zərərçəkmiş sürücü Orxan Əliyev isə Milli.Az-a deyib ki, “Standard İnsurance” vətəndaşlara onların haqqı olan pulu ödəmək əvəzinə onları dolamaqla məşğuldur: “Əgər problem yoxdursa, niyə mənim şikayətim mediada çıxandan sonra hesabıma dərhal 305 manat köçürüldü? Əgər mənim problemim servislədirsə, pulun hələ də tam ödənməməsinin bura nə dəxli var? Mən girov qoyub maşınımı servisdən götürmüşəm. Mənim servislə nə problemim ola bilər? Problem servisdəki maşının təmir pulunun “Standard İnsurance” tərəfindən mənə ödənməsi ilə ilə bağlıdır. Onu da ki, şirkət artıq 2 aya yaxındır ki, eləmir. Bu azmış kimi hələ deyirlər ki, daha ay yarım da gözlə. Niyə?! Məni dolamaqla məşğuldurlar. Özlərinə utanmadan şüar götürüblər: “Sizi qoruyan sığorta”. Bu, bizi qoruyan yox, çərlədən sığortadır. İndi deyin kimdir haqsız? Kim böhtan danışır – mən, yoxsa şirkət?!”

Загрузка...