Xalqlar da insanlar kimidir. Cəsuru var, qorxağı var…

Qorxaq insanları heç kim sevmir. Kimlərinsə onlara yazığı gəlsə belə, lazmi məqamda özünü müdafiə etməkdən qorxan adamlara heç kim yiyə durmur. Belə adamları adətən alçaldırlar, başına vurub çörəklərini əllərindən alırlar. Cəsarətsiz insanların həyatı heç də xoş keçmir. Hər addımda onları aşağılanmaq, əzilmək və həqarət müşaiyət edir. Bu adamlar dava edərkən ağızlarının qanayacağından, bədənlərinin hansısa hissəsinin ağrıyacağından qorxurlar. Yəni canlarının qeydinə qalarkən mənəviyyatlarını daha da dərin uçuruma yuvarlayırlar.

Zəif olmaq, gücsüz olmaq qəbahət deyil. Amma cəsarətsiz olmaq böyük qəbahətdir.

Xalqlar da belədir. 1915-ci ildə müttəfiq dövlətlər Türkiyənin üzərinə hücuma keçərkən zəif düşmüş, Osmanlı ordusunu asanlıqla yenəcəklərini, tezliklə Türkiyəni süquta uğradacağı düşünürdülər. Türkiyənin tezliklə sarsılacağı, əsarətə düşəcəyi fikrində idilər. Amma müttəfiqlər bir şeyi nəzərə ala bilməmişdilər – Türk xalqının cəsarətini.

1915-ci ildə son damla qanına qədər döyüşən türk xalqı özündən qat-qat güclü olan düşmənlərini biabırçı bir məğlubiyyətə uğratdı. Bütün dünya o vaxt da Çanaqqala zəfərindən danışırdı. Elə bu gün də danışır. Həmin hadisədən ötən dövr ərzində Türkiyəyə hücum edən olmayıb. Qardaş ölkəni zəif bilib onu əzməyə çalışmayıb. Çünki qanını qaşğa qoyaraq sona qədər vuruşan xalqı müstəmləkəyə çevirməyə heç kim risk eləyə bilməyib. Bu gün güclü bir Türkiyə varsa, o nə iqtisadiyyat, nə coğrafi mövqe, nə də ki, tarixi amillərdən asılı deyil. Türkiyənin güclü olmasının yeganə səbəbi cəsarətli xalq olmalarıdır.

90-cı illərdə Çeçen müharibəsi baş verəndə çeçenlər Rusiya kimi böyük dövlətin qarşısında çox zəif idilər. Böyük müharibədə kimin qalib gələcəyi əvvəlcədən də bəlli idi. Rusiya bütün arsenalını Şimali Qafqaza toplamışdı. Amma bu zəiflik onları qorxaq etmədi. Çeçenlər son damla qanlarına qədər döyüşərək bütün dünyaya mərdlik nümunəsi göstərdirlər. İçker-Çeçen Respublikası süqut etsə də, çeçenlərin mərdliyindən hər kəs danışdı. Bütün dünya, o cümlədən Rusiyanın özü də bu mərd xalqa ehtiramla yanaşmağa başladı.

Xalqlar da fərdi insanlar kimidir. Əgər iki fərdin döyüşündə can zədələnirsə, xalqların döyüşündə əsgərlər ölür. Hər əsgərin ölümünü böyük dərdə, faciəyə çevirən xalq məğlubiyyətə, əsarətə, təhqirlərə, alçaldılmalara məhkumdur. Amma cəsarətli xalqlar tarix yaradan xalqlardır.

Ötən həftə Cəbhə xəttində baş verən döyüşlər göstərdi ki, Azərbaycan xalqı da cəsarətli xalqdır. Azərbaycan əsgəri qorxu bilmədən düşmənin üzərinə gedə bilir. Canının acıyacağından qorxub geri çəkilmir. Qaçmır.

Cəbhədən döyüş xəbərləri gəldikcə, Azərbaycan xalqının qocasından tutmuş cavanına kimi hər kəs bir oldu. Onullərdir ki, görünməyən xalq həmrəyliyi, cəbhəyə dəstək, şəhidlərin izdihamla son mənzilə yola salınması və bütün bunlarla yanaşı strateji yüksəkliklərin düşməndən azad edilməsi, qalqda ruh yüksəkliyi yaratdı.

Məlum məsələdir ki, müharibə varsa, döyüş varsa, insan itkisi də var. 90-cı illərdı bizim torpaqlarımızın işğalı ilə qürurumuz qırılıb. Biz sınmış qürurumuzu bərpa etmək üçün döyüşdən, müharibədən başqa yolumuz yoxdur. Atəşkəs dövründə min dəfə ölməkdənsə, müharibədə bir dəfə ölmək yaxşıdır. Tarix yazmaq vaxtıdır.

Teymur Hacıyev
LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol