Sumqayıtda velosiped sürənlərin əhvalatları

Uzun illərdir Sumqayıtda yaşayan Təro Allahverdiyev velosiped həvəskarı olsa da, şəhərdə rahat olaraq velosiped sürə bilmir.

Velosiped sürməyi bir il əvvəl qonşularındakı uşaqlardan öyrənib və o gündən mütəmadi velosiped sürür. Yeni başlayanda qəzaya uğrayıb xəsarət almasına baxmayaraq, sağlamlığına xeyir verdiyinə görə velosiped sürməkdən çox məmnundur.

BBC Azərbaycancaya danışan gənc oğlanlar maşın sürücülərinin yolda onlara velosiped sürməsinə çətinlik yaratdığını, qızlar isə “söz atanların” əlindən yolda rahat velosiped sürə bilmədiklərini deyir.

Baş Dövlət Yol Polisi İdarəsi isə gələcəkdə velosiped istifadəçiləri üçün ayrıca zolağın çəkilməsini istisna etmir.

Yol Hərəkəti qaydaları haqqında qanuna əsasən asma mühərrikli velosipedi 16, adi velosipedi isə 14 yaşdan yuxarı hər kəsin nəqliyyat yollarında, hərəkət istiqamətində sürməsinə icazə verilir.

Bu zaman onların təhlükəsizlik məqsədilə dəbilqə və təhlükəsizlik üçün digər geyimləri geyinməsi vacibdir. Qanunda velosiped sürənlər piyadaya bərabər tutulur və ona görə də onlar piyadalar üçün işıqforun yaşıl işığı yananda hərəkət edə bilərlər.

“Ataları qoysa”

Təro Allahverdiyevin dediyinə görə, velosiped sürməyə başlayandan 5 kiloqram arıqlayıb və indi özünü çox rahat və yüngül hiss edir.
Sırf velosiped sürsün deyə vaxtı olduqca Ceyranbatandan Sumqayıta qədər yol qət edir. Onlar üçün xüsusi zolaq olmadığına görə maşın yolu ilə gəlir.

“Yolun sağına çıxıram, gedirəm. Hərdən maşınlar siqnallayır ki, yoluma girmə”, velosipedçi onlar üçün xüsusi zolaq olarsa “çox super olar, velosipedlə gediş gəliş çoxalar” deyir.

Təro Allahverdiyev sıralarına tezliklə qızların da qatılmasını istəyir. “Qızların ataları qoysa, onlar da sürsələr yaxşıdır”, o əlavə edir.

4 ildir velosiped sürən Pərvanə Tağıyeva isə deyir ki, valideynləri ilə velosiped sürmək məsələsində çox yaxşı anlaşırlar. Uşaqlıqdan arzu etdiyi velosipedi tələbəliyi dövründə ona qardaşı alıb. İndi velosiped onun üçün “stres atmağın yaxşı yoludur”.

Amma xanım velosipedçi təəssüflə qeyd edir ki, qızın velosiped sürməsinə Sumqayıtda “hələ də, o qədər yaxşı baxmırlar”.

“Kənardan başqa qızlara söz atanda da görmüşəm. Mənə söz atmayıblar, həm də onlara o qədər də əhəmiyyət vermirəm, amma narahat edir”, deyə Pərvanə Tağıyeva parkda və öz məhəllələrində velosiped sürməyi üstün tutduğunu vurğulayır.

Pərvanə deyir ki, velosiped sürəndə özünü daha gümrah hiss edir, əhval ruhiyyəsı qalxır və içindəki bütün stresi atır. O, əlavə edir ki, velosiped yolları olsaydı avtobusdan deyil, rahatlıq və sağlamlıq üçün velosipeddən istifadə edərdi.

“Velosiped yolu yoxdur sürmək üçün. Həyətdə də yer azdır. Kənara çıxanda da maşın yolu. Səki ilə də sürmək olmur piyadalar var”, deyə xanım velosipedçi Sumqayıtda velosiped sürməyin çətinliklərini sadalayır.

“Sürmək öyrədək sənə?”

Bu çətinliklər ucbatından, dediyinə görə, Zəhra Səmədzadə də velosiped turunu daha çox parkla məhdudlaşdırır. O, 5-6 yaşından velosiped sürməyə başlayıb. 10 ildən çoxdur velosiped sürməsinə baxmayaraq “hələ də belə qızlara çox da yaxşı baxmırlar” deyir.

“İmkan vermirlər rahat sürməyə. Tanımadığım yerlərdə sürəndə “sürməyi öyrədək sənə”, nə bilim nə edək kimi söz atırlar”, Zəhra başına gələn əhvalatlardan bəhs edir.

Zəhra deyir ki, ailədə ona etiraz etmirlər, sadəcə “ehtiyatlı ol” deyirlər. Velosiped zolağı olmadığına görə düşünür ki, nəqliyyat vasitəsi kimi “avtobus daha təhlükəsizdir”.

7 ildən çoxdur velosiped sürən Tural Məmmədovun dediyinə görə, Sumqayıtdan Nasosnu qəsəbəsinə qədər həftədə bir neçə dəfə velosipedlə 5-6 kilometr yol qət edir. Maşınlara mane olmasın deyə hər dəfə yolun sağı ilə sürür, amma yenə də sürücülərlə çətinlik yaşayır.

“Belə problem olub ki, sürücü fikirli olduğundan məni görməyib və ani tormozlama edib”, deyə Tural Avropa ölkələrindəki kimi əlləri ilə yol işarələrini göstərsə də, bunu yalnız bəzi sürücülərin anladığını deyir.

Velosiped sürdükcə özünü “daha cavan hiss etdiyini” deyən Tural Məmmədov gələcəkdə onlar üçün də əlavə zolaqların ayrılmasını və velosipedçilərin sayının maşın sürənlərə bərabər olmasını arzulayır.

“Əlavə zolaq”

24 saat velosipedləri kirayə verən məntəqənin əməkdaşı BBC Azərbaycancaya Sumqayıtdakı parkda velosiped sürməyin “özünəməxsus çətinliklərindən” danışır.

“Yaşlı adamlar bizdən icra hakimiyyətinə şikayət edirlər ki, velosiped sürənlərin əlindən parkda gəzə bilmirik. Ona görə elə olub ki, neçə gün bağlanmışıq, işləyə bilməmişik”, adının çəkilməsini istəməyən məntəqə əməkdaşı park nə qədər geniş olsa da, piyadalarla velosipedçilərin qarşılaşmasından yayına bilmədiklərini deyir.

Velospied istifadəçilərinin çox olduğunu əlavə edən məntəqə əməkdaşı, hazırda dəniz kənarında inşa olunan velosiped zolağının gələcəkdə bu problemi həll edəcəyinə inanır.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev velosiped istifadəçilərinin sayının artacağı təqdirdə əlavə zolaq salına biləcəyini deyir.

“Bu zolaqlar daha çox piyada səkiləri hesabına salınır. Bizdə isə səkilərin eni buna imkan vermir ki, əlavə velosiped zolağı salınsın. Amma gələcəkdə sayı artarsa, səki hesabına olmasa da əlavə yol hesabına çəkilə bilər”, qurum rəsmisi bildirir.

Qanun

Yol hərəkəti haqqında qanuna əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin ən müdafiəsiz iştirakçıları sayılan velosipedçilərin təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməyə borcludur.

Velosipedçi isə öz növbəsində yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməli və bunun üçün texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən istifadə etməli və velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır.

Yolun hərəkət hissəsi ilə getdikləri vaxt isə velosipedçilər, hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdır.
Velosipedçilərin vəzifəsi yol hərəkəti haqqında qanunda müəyyən olunduğu kimi İnzibati Xətalar məcəlləsində də onların törətdiyi qəza və ya pozuntulara görə məsuliyyət nəzərdə tutulur.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol