Ölkədə benzinin qiyməti düşəcək?

Artıq xəbər verdiyimiz kimi, Azərbaycan Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişiklik edib. Dəyişikliyə əsasən, ölkəyə idxal olunan bəzi mallar üçün aksiz vergisi azaldılıb.

Belə ki, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Qərar avqustun 16-dan etibarən qüvvəyə minib və 60 gün müddətində qüvvədədir.

Nazirlər Kabineti, həmçinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında da dəyişiklik edib. Dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15 faizdən 0 faizə endirilib. Bu qərar da avqustun 16-dan etibarən qüvvəyə minib və 60 gün müddətində qüvvədədir.

İndi çoxları sual edir ki, Nazirlər Kabinetinin bu qərarından sonra ölkədə benzinin qiyməti aşağı düşəcəkmi?

“LuxLife” xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov məsələyə aydınlıq gətirib:

“Əvvəlla, vergi və gömrük rüsumu güzəştləri qərarla 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinə tətbiq edilib. Bu isə deməkdir ki, yalnız daha az oktanlı benzinlərin idxal xərci azalacaq. Deməli, ölkəyə daha aşağı xərclə Aİ 92 markalı və ya oxşar benzin gətiriləcək. İkincisi, Aİ 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənizmləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur. Bununla yanaşı, əgər bu güzəştlərdən sonra ölkəyə idxal edilən Aİ 92 və ya oxşar markalı benzinin xərcində kəskin azalma olarsa, o zaman Şura tərəfindən qiymətlərə baxılıb benzinin qiymətinin aşağı salınması müzakirə edilə bilər. Dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirildiyini də nəzərə alsaq, bu zaman xərc müşahidələrinə ehtiyac yaranacaq. Amma bu halda güzəşt müddətinin uzadılması da əsas şərtdir. Aydındır ki, 2 aylıq güzəşt müddəti xərclərin monitorinqi və eləcə də qiymətin dəyişməsi üçün kifayət deyildir. İdxal edilən benzinin daxili istehlak qiymətinin aşağı salınması üçün həm güzəşt dairəsinin genişləndirilməsinə, həm də güzəşt müddətinin ən azı 1 illik dövrü əhatə etməsinə ehtiyac var. Üçüncüsü, güzəştlərin çox qısa müddəti, yalnız 2 ayı əhatə etməsi də diqqəti cəlb edəndir”.

Ekspertin fikrincə, bu güzəştlər müvəqqəti xarakter daşıyır: “Güman edilir ki, bu qərar yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Belə ki, yerli istehsalın azalmasının tələbə təsir etməməsi üçün növbəti 2 ayda idxalda güzəştlər tətbiq ediləcək. Bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı xarici benzin də təklif ediləcək. Belə görünür ki, 2 ay müddətinin seçilməsi də onunla bağlıdır ki, həmin müddətdə istehsalın əvvəlki səviyyəyə qayıtması proqnozlaşdırılır. Bundan sonra bu idxal ilə bağlı güzəştlər ləğv ediləcək”.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol