Efirdəki həyasızlar – Günay Arda yazır

 

Sosial şəbəkələr televiziya ilə tamaşaçı arasındakı sərhədləri çoxdan dağıdıb. Bir vaxtlar Sumqayıt küçələrində “xlor var” deyən Göyçək xalanı indi istənilən televiziyanın aparıcısı və ya prodüseri sosial şəbəkədə var-gəl edib efirə çıxara bilər. Göyçək xala sizə yaşamaq, ərə getmək, qız ərə vermək, oğul evləndirmək haqqında dəyərli məsləhətlərini efir vasitəsi ilə ötürə bilər. Beləliklə, Azərbaycan televiziyalarının ekspert problemi həll olunar.

Aparıcı və prodüserlər sosial şəbəkə vasitəsi ilə ekspert “tuturlar”. Feysbukda çərənləmələri xoşuna gələn adamları efirə çıxarıb boşluğu doldururlar. Bu yolla aparıcılar öz bacarıqsızlıqlarını və ölkədəki kütləvi səviyyəsizliyi ört-basdır etməyə cəhd edirlər.

Siz istənilən vaxt Azərbaycanın efir məkanından qadın alverçisini qadın haqlarından danışan, dələduzu iqtisadi rifahın yüksəldilməsi ilə bağlı aparılacaq islahatların siyahısını verən adam qismində görə bilərsiniz. Televizorun pultunu əlinizə aldığınız anda sosial proqramlar ölkənin xıltı hesab edilən lüzumsuz, mənasız adamların dilindən sizə dərs keçəcək. Aparıcı, prodüser və TV rəhbərləri uşaqlıq travmalarının heyfini bu hərşeyşünas ekspertlərin əli ilə sizdən çıxacaqlar. Onlar efirdən qadınları “əxlaqsız”, kişiləri “alçaq” adlandıracaqlar.

Danlaq yeri

Zorakılıq görən qadın efirə müraciət edir. Onun əli hər yerdən üzülüb. Polis “ər döyər də, sevər də” tipli ağsaqqal məsləhəti ilə onu evinə yola salır. Valideynləri “getdiyin yerdən meyidin çıxa bilər” deyib övladını yumruq altında buraxır. O, məcburiyyətdən öz problemini həll etmək iqtidarında olmayan jurnalistdən kömək istəyir. Aparıcı mövzunu efirə dəvət etdiyi dahi ekspertlərin ixtiyarına verir. Bu yerdə şadyanalıq başlayır. Qadının problemi, göz yaşları kənarda qalır. İki eşşəyin arpasını bölə bilməyən, şəxsi həyatında uğursuz, daşı daş üstünə qoymamış adamlar qadını danlamağa başlayırlar. Ən dəhşətlisi də odur ki, bu danlağı 4 il hüquq təhsili almış hüquqşünas, sosioloq, psixoloq edir. Yaxud da, barlardan qəfil efirə hoppanmış müğənni ailə dəyərlərindən danışır. Qadına məsləhət verir ki, qadın üçün vacib şərt övlada bütöv ailə bəxş etməkdir.

Sosial işin əsas vacib amili qınamaq və ittiham etmək hisslərindən tamamilə arınmaqdır. İnsan problemi ilə işləyirsənsə, qınamaq, ittiham etmək kimi lüksün yoxdur. Ki, sənin işin bu yox, problemi həll etməkdir. Özünə sosial proqram aparıcısı, prodüseri deyən boşbeyin də bunu bilməlidir. Nə onun, nə də efirə yığdığı el ağbirçəyi, el ağsaqqallarının insan danlamağa ixtiyarı var.

Özü boşanmış olduğu halda boşanmış qadınlara “pozğun” damğası vuran psixoloq, övladlarına aliment vermədiyi üçün keçmiş arvadını məhkəmələrdə süründürən hüquqşünas, universitetə pulla uşaq düzəltməyə cəhd elədiyinə görə qovulan “pedaqoq”, şantaj yazıları ilə biznes sektoru girinc edən redaktor efirdən halal yaşayış, ailə dəyərləri haqda bizi maarifləndirir.

Televiziyaların bu tipli adamları efirə çıxarmaqda məqsədi nə ola bilər?

1.”Ekspert” ya prodüserə, ya da ki, aparıcıya efirə görə pul ödəyir.
2.”Ekspert” prodüserin və ya aparıcının qohumudur.
3. Ekspert məsuliyyətsiz və boşboğazdır. Ağzına gələni danışıb, efir boşluğunu doldurur.
4. “Ekspert” prodüser və aparıcı ilə eyni səviyyəni bölüşür.

Tutaq ki, kimsə efirə çıxıb, boş-boş danışıb toy, iş, kişi “tutur”. Aparıcı isə efiri yola verib, maaş alır. Bəs fağır tamaşaçı? Axı binəva Nisəxanımın dünyaya yeganə pəncərəsi pultla açılır. Kimin nə mal olduğundan xəbərsizdir. Efirə baxıb, ailə dəyərlərini, sistemini bu avara yığınının fikri ilə formalaşdırır. Düşünür ki, yeddi ər saymış qarmonçalan xala, 5 arvad boşamış zurnaçalan dayı dediyi kimidir hər şey. Həyat elə belədir.

Ömrünü sosial işə, qadın və ailə problemlərinin həllinə həsr etmiş, yaşı və həyat tərzi istiqamət verməyə imkan verən insanları manıs, dələduz, reket, şantajçı, saxtakar insanlarla yanaşı oturdub insan haqlarından danışdırmaq tamaşaçıya qarşı hörmətsizlik və həyasızlıqdır. Dərdini kürəyinə yükləyib efirdən kömək uman adamı əliyabalı ekspert xala və dayıların ixtiyarına vermək vicdansızlıq və qeyri-peşəkarlıqdır.

İndi olmasın, dünyanın düz vaxtlarında efirə çıxmaq fəxr hesab edilərdi. Ekrandan üzü görünən adamlara hörmət qoyulardı. Fikirləşərdilər ki, ağıllıdır ki, efirə dəvət edirlər, bir addım irəlidədir. İndi isə, əksinə. Özünə hörmət edən adam efirə çıxmaq istəmir. Azından, ona görə ki, mövzuya, efirə uyğun olmayan adamlarla yanaşı oturmaqdan utanc hissi keçirir.

P.S.: Sosial proqramların birində göz yaşı tökən qızcığaz dərdini danışır. Mənəvi və işgəncələrini dilə gətirir. Molla ekspert isə: “Filan imamın bacısı nə zülmlər gördü, dözdü. Döz, bala”, – deyir.

Bakunews.net

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol