Erməni Boka: “İlhamə ilə Flora nəyi bölə bilmir?”

Onun mahnıları təkcə orta və yaşlı nəslin nümayəndələrinə yox, elə gənclərə də məlumdur. Bircə elə “Dolya vorovskaya”nın adını çəksək, bu da kifayət edər…

Bəli, söhbət hazırda ABŞ-ın Los-Anceles şəhərində yaşayan Bakı ermənisi Bokadan gedir – Qafqaz şansonunun yaradıcısı Boris Arkadyeviç Davidyandan…

“LuxLife” Boka ilə müsahibəni təqdim edir:

– Boka pərəstişkarları 70-ci illərin əvvəllərində Bakıda yazılmış albomlarını hələ də saxlayırlar. Amma çoxu restoranlardakı çıxışlarınız zamanı yazılan bu mahnıların texniki keyfiyyəti artıq itir. İlk Bakı albomlarınızı ABŞ-da peşəkar studiyalarda yenidən yazdırmamısınız ki?!

–  Yox, hələ hazırlaşmıram. Buna nə istəyim, nə də gücüm yoxdur. Bir də ki, artıq bir dəfə uğur qazanmış bir şeyi təkrar etmək nəyə lazım?! Hərçənd ola bilsin vaxt gələr, köhnə repertuarımdan bəzi mahnıları yenidən yazaram. Köhnələrdən 10-15-ni seçib yazaram. Amma hələ indi yox.

– Son iki albomunuzdakı mahnılar əvvəlki kəsərini, çılğınlığını itirib. Bir az lirik, fəlsəfi olub. Bu nədir belə – Qafqaz şansonunda yeni çalar, yoxsa yaş öz sözünü deyir?

– Təəssüf ki, hər halda yaş öz sözünü deyir. 66 yaşım var. Əvvəlki mahnıları oxumaq indi mənə çətindir. Məsələn, son albomumda “Patsan” mahnısı vardı. Sonra düşündüm ki, axı mən yaşlı adamam, haradansa nəsə oğurlayan bir “patsan” haqda oxumaq mənə yaraşmaz.

– Keçmiş sovet respublikalarında tez-tezmi çıxış edirsiniz? Publika Bokanı necə qarşılayır?

– Tez-tez çıxış edirəm. Özü də bütün dünyada. Məsələn, bu yaxınlarda İsraildə çıxış etdim. Təvazökarlıqdan uzaq çıxmasın, dinləyicilər məni çox hərarətlə qarşıladı. Hətta gənclər də maraq göstərdi.

– Azərbaycanda belə şayiələr dolaşır ki, Boka hansısa azərbaycanlı oliqarxların dəvəti ilə son vaxtlar da Bakıya bir neçə dəfə gəlib. Onların uşaqlarının toyunda, başqa tədbirlərdə oxuyub. Bu deyilənlər nə dərəcədə doğrudur?

– Mən də bu haqda eşitmişəm. Amma bunlar yalnız və yalnız şayiədir. Məni heç bir oliqarx Bakıya çağırmayıb. Mənim özümə də bəzən sual verirlər. Soruşurlar ki, 1989-cu ildən sonra Bakıda olmuşam, ya yox. Təəssüf ki, mən lap çoxdandır Bakıda olmamışam, orada çıxış etməmişəm. Hərçənd ki, Bakıda həddən artıq çox dostum var. Onlarla müntəzəm olaraq zəngləşir, söhbət edirik, hal-əhval tuturuq. Azərbaycanlı dostlarımdan bəziləri Moskvada yaşayır. Biz təbii ki, məmnuniyyətlə görüşürük. Uşaqlarla əlaqəm var yəni.

Bundan əlavə, “Şanson” radiosunda çıxış edəndə dinləyicilər canlı efirə zəng vururlar. Onların arasında mütləq azərbaycanlılar da olur. Bəzən hətta Bakının özündən də zəng edirlər. Və həmişə də bu sualı verirlər: “Boka, Bakıya konsert verməyə haçan gələcəksən?” Mən də cavab verirəm ki, nə vaxt dəvət etsəniz, onda da gələrəm. Mənsə Bakıya gedəcəyəm. Buna şübhəniz olmasın. Allah qoysa, Bakıda konsert verməyə gedəcəyəm.

Radionun redaktoru həmişə təəccüblənir, deyir ki, azərbaycanlılar Bokaya gör necə də isti münasibət bəsləyir. Mənsə deyirəm ki, burada təəccüblü heç nə yoxdur. Heç kimə, o cümlədən azərbaycanlılara heç bir pisliyim dəyməyib.

Bu yaxınlarda Moskvada yaşayan gənc bir azərbaycanlı oğlan mənə müraciət etmişdi. Dedi ki, Bakıda yaşayan atası ağır xərçəng xəstəsidir, yaşamağa ümidi qalmayıb, amma səhərdən axşama qədər mənim mahnılarımı dinləyir. Oğlan xahiş etdi ki, onun atasına videomüraciət yazım.

Mən də belə videomüraciəti yazdım. Həmin kişiyə ruhdan düşməməyi məsləhət gördüm. Dedim, vaxt gələr, görüşərik, oturub yeyib-içərik, bir yerdə mahnı oxuyarıq və s.

İki gündən sonra oğlan təkrarən mənə zəng vurub minnətdarlıq etdi. Atası xəstəliyini bir neçə günlüyə də olsa unudubmuş. Doğrudur, o xəstə sağalmadı, Allah ona rəhmət eləsin. Amma oğlu onun son arzusunun yerinə yetirdiyim üçün məndən çox razı qaldığını dedi. Mənimsə gücüm oğlana yalnız “Allah rəhmət eləsin” (Boka bu sözləri azərbaycanca dedi-red.) deməyə çatdı.

– Bakıya gəlmək imkanınız olsaydı, birinci hara gedərdiniz?

– İlk növbədə qəbiristanlığa gedərdim. Axı anam, qohumlarım Bakıda dəfn olunublar. Sonra isə doğulub böyüdüyüm həyətə gedərdim. O həyət “Skaçka” (indiki Azadlıq prospekti-red.) tərəfdədir. Bakıda mənə çox doğma və əziz olan xeyli yer var. Məncə, hər şey haçansa yoluna qoyulacaq və mən Bakıya gəlib doğmalarımın məzarını ziyarət edə biləcəyəm.

Heç bir normal adam öz keçmişini, uşaqlıq dostlarını, böyüdüyü yerləri unutmur, unuda bilmir. Bakını, azərbaycanlı qonşularımı və dostlarımı həmişə xatırlayıram. Bizim həyətdə müxtəlif millətlərin nümayəndələri yaşayırdı. Çox mehriban olmuşuq. Məhəlləmizə gəlin gələndə hamı balkona çıxıb sevinər, “həyətimizə gəlin gəldi!” deyərdi. Bakı xatirələrim mənə güc verir.

– Bu gün dünyanın istənilən yerində Azərbaycan telekanallarını izləmək problem deyil. Siz necə, izləyirsinizmi?

– Bu yaxınlarda bizim Bakı yəhudilərinin dəvəti ilə Nyu-Yorkda idim. Oturub xeyli danışdıq, Bakını yada saldıq. Yeri gəlmişkən, YouTube videosaytında Bakı haqda çarxlara müntəzəm baxıram. Bu yaxınlarda isə İlhamə Quliyeva ilə Flora Kərimovanın qalmaqlından bəhs edən verilişə baxdım. Onların ikisini də yaxşı tanıyıram. Biz hətta bir yerdə işləmişik, toylara getmişik. Maraqlıdır, onlar nəyi bölə bilmirlər? Bir sözlə, Azərbaycan estrada ulduzlarının konsertlərini izləyirəm. Bunsuz olmaz ki… /mənbə: virtualaz.org/

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol