Azərbaycanda WhatsApp-dan niyə zəng etmək mümkün deyil? – ARAŞDIRMA

Məlumat verdiyimiz kimi, dünyada bir milyarda yaxın istifadəçisi olan WhatsApp mesajlaşma xidməti bu ilin aprel ayında öz zəng xidmətini istifadəyə vermişdi.

Azərbaycanda da kifayət qədər populyar olan bu mobil tətbiqin zəng funksiyası istifadəçiləri sevindirsə də, bu xidmətin istifadəsində tez-tez problemlər yaranırdı.

İyul ayından etibarən bu xidmətin ölkəmizdə məhdudlaşdırılıması  ilə bağlı  iddialar ortaya çıxdı.

Belə ki, mobil internetlə  WhatsApp- ın zəng   funksiyasından istifadədə problemlər yaşandı. İstifadəçilər  bu xidmətdən aktiv istifadə edə bilmədilər.

Bununla bağlı da  mediada çoxsaylı müzakirələr yer aldı.

Amma nəticə olaraq problemin nə ilə əlaqədər olması tam aydın  müəyyən olunmadı.  Belə desək, məsələ açıq qaldı.

Bəzi ekspertlər  hesab edir ki, xidmətin ölkəmizdə  məhdudlaşdırmasının əsas səbəbi mobil operatorların gəlirinin azalması  və bunun qarşısını alamaq üçün əl atdıqları siyasət ola bilər.

Digər ekspertlər isə problemin yalnız Azərbaycanda yox,   digər qonşu ölkələrdə də yaşandığını bildirdi.

Hətta Rabitə və Yüskək Texnologiyalar Nazirliyi (RYTN) açıqlama verərək bildirdi ki, bu xidmətin məhdudlaşdırılması qanuna ziddir, heç bir mobil operatorun və ya internet provayderinin bunda marağı ola bilməz, problem şirkətlə, yəni  WhatsApp-la əlaqədardır və indi bu xidmət bütün dünyada problemlərlə işləyir və ya ümumiyyətlə işləmir.

Xeberler.az oxucuları və digər istifadəçilər WhatsApp-ın zəng funksiyasının hələ də işləmədiyinə dair şikayət edir.

Bizə daxil olan çoxsaylı  müraciətləri nəzərə alaraq  bu məsələni yenidən araşdırmaq qərarına gəldik.

Beləliklə, həm müxtəlif mobil operatorlar, həm də müxtəlif  provayderlər vasitəsilə WhatsApp-ın zəng funksiyasından istifadə ilə bağlı  sınaq etdik.

Üç əsas mobil operator olan Azercell, Bakcell və Nar mobile-ın mobil internetləri vasitəsilə həm şəbəkə daxili, həm şəbəkə xarici, həm də internetə Wi-Fi əlaqəsi ilə qoşulmuş şəxslərə zəng etdik və  belə görüntü ilə qarşılaşdıq.

Heç bir mobil şəbəkə operatorunun internetindən istifadə edərək WhatsApp zənglərini həyata keçirə bilmədik, yalnız bəzi hallarda qarşı tərəf cavab veribmiş kimi görünsə də, əslində qarşılıqlı səs ötürməsi mümkün olmadı.

Eynilə sınağımızı internet provayderləri ilə də apardıq.

Wi-Fi şəbəkəsinə qoşulmuş mobil telefonlar vasitəsilə zəng etməyə cəhd göstərdik, rastlaşdığımız nəticə isə belə oldu: 

Mobil internetdən istifadə edərkən rastlaşdığımız nəticə ilə eyni nəticəni aldıq.

Qeyd etmək lazımdır ki, ilkin vaxtlarda mobil internet vasitəsilə zənglər məhdudlaşsa da, genişzolaqlı internet əlaqələri ilə bu mümkün idi.

İstifadə etdiyimiz provayederlər:  Alfanet, Azeronline, Bakinternet, Citynet, Ultel, Super online oldu.

Sınaq zamanı həm eyni, həm də müxtəlif provayderlərə qoşulmuş mobil telefonlarla zəng etdik. Heç birində mümkün olmadı. Yalnız bir halda, hər iki telefon eyni Wi-Fi şəbəkəsinə qoşulduğu zaman bu zənglərin  mümkün olduğu məlum oldu.

Qonşu ölkələrdə də belə bir problemin olmasını araşdırmağa çalışdıq?

Məlum oldu ki, Gürcüstan, Qazaxıstan, Rusiya kimi ölkələrdə WhatsApp-ın zəng funksiyası aktivdir və istifadəçilər rahat formada bu xidmətdən istifadə edə bilir.

Güman etmək olar ki, bu problem bir neçə yerdən qaynaqlana bilər. Belə ki, bu problem ilk öncə mobil  operatorlar, həmçinin də  əsas internet  trafikini ölkəmizə  gətirən bakbone şirkət olan Delta Telecom və ikinci səviyyəli provayderlərlə bağlı ola bilərdi. Eyni zamanda bu WhatsApp tətbiqinin proqram təminatı ilə də bağlı ola bilərdi.

Sadalanan bu variantların hər birisini ayrılıqda nəzərdən keçirdik və dəqiqləşdirməyə çalışdıq.

Delta Telecom-dan əldə etdiyimiz məlumata görə, WhatsApp-in zəng funksiyası ilə bağlı  şirkət heç bir qadağa tətbiq etməyib.

Bu cür məhdudlaşmanın əsas backbone provayder olan Delta Telecom tərəfindən edilməsi ağlabatan da deyil. Şirkətin bu məlumatı  həqiqətən  də məntiqli görünür. Çünki bu məsələdə Delta  Telecom-un hər hansı kommersiya marağı yoxdur.   

Həmçinin bu addım bütün 2-ci səviyyəli provayderlərin də kommersiya maraqlarına zidd olduğundan güman etmək olar ki, onlar tərəfindən də belə bir məhdudiyyət tətbiq edilməyib.

WhatsApp isə  artıq bununla bağlı sorğuya rəsmi olaraq bildirib ki, bu məsələ ilə bağlı tətbiqdə hər hansı texniki problem yoxdur. WhatsApp-ın rəsmi açıqlaması:

“Əgər WhatsApp Call xidmətindən 3G data göndərmə yolu ilə istifadə zamanı qoşulma problemi yaşayırsınızsa ola bilsin ki, mobil operatorunuz UDP-ni WhatsApp üçün düzgün konfiqurasiya etməyib” ( UDP (user datagram protocol) Line, Skype və Viber kimi tətbiqetmələrin də istifadə etdiyi bağlantı növüdür. Bu,  məlumatların digərlərinə nisbətən daha sürətli göndərilməsini təmin edir).

Qalır yalnız mobil opperatorlar səviyyəsində bunu dəqiqləşdirmək. 

Qeyd edək ki, bu problemlə bağlı  əvvəllər yayımladığımız   məlumatlarda mobil operatorlar bildirmişdi ki, onlar  bu zənglərə heç bir qadağa tətbiq etməyiblər.

Bununla belə araşdırmamız göstərir ki, bu problemin yalnız mobil operatorlarla bağlı olmasından şübhələnmək üçün kifayət qədər əsaslar var.

Güman ki, bu, WhatsApp-dan deyildiyi kimi ya mobil operatorlardaki texiniki tənzimləmənin qaydasında olmaması, yaxud elə məqsədyönlü şəkildə bu funksiyanın bağlanması ilə əlaqəlidir. 

Nəzərə alaq ki,  çoxlu sayda istifadəçisi olan WhatsApp-ın səsli zəng xidməti mobil operatorların əsas gəlir mənbəyi olan danışıq xidmətindən əldə olunan gəlirlərinin xeyli azalmasına səbəb olub. 

Düşünürük ki , Rabitə və  Yüksək Texnologiyalar Nazirliyi bu məsələni araşdırmalı və  nəticəsi ilə bağlı ictimaiyyətə məlumat verməldir. 

Qeyd edək ki, WhatsApp səsli zəng xidmətinin (VoİP) rəsmi sürətdə qadağan edildiyi tək ölkə BƏƏ-dir.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol