Botoks, yoxsa canlı bomba? – Çinin bədheybətə çevirdiyi AZƏRBAYCAN QADINLARI

“Üzümə vurulan gel sürüşüb bir tərəfə toplanıb”, “dodağımdakı dolğu gündən-günə formasını dəyişir”, “göz kənarındakı qırışlara görə botoks etdirdim, bir ay sonra əyildi”.

Gözəl görünmək üçün min bir əzaba qatlaşan, onlarla iynənin üzünə yeridilməsinə razı olan xanımların bu cür şikayətləri son vaxtlar xeyli artıb.
Danılmaz faktdır ki, əsəbiləşəndə, şən olanda, kədərlənəndə hisslərimizi qarşı tərəfə ötürməyin ən yaxşı üsulu olan mimikaların illər ötdükcə dərinləşib, üzdə özünə ciddi “yer” etməsi, qırışlara çevrilməsi, xüsusən də qadınlar üçün dözülməz problemə səbəb olur. Amma nə yaxşı ki, elm inkişaf edib və artıq bu qırışlardan xilas olmaq asanlaşıb. Botoks, mezoterapiya, dolğular, gellər qadınların gözəl görünmək üçün üz tutduğu yollardır. Bunlar nəinki üz dərisini yeniləyir, anadangəlmə görünüşü də dəyişməkdə əvəzsizdirlər.
Lakin son vaxtlar bu prosedurlar gözəllikdən daha çox xoşagəlməz fəsadlara yol açır. Dodağa, üzün müxtəlif nayihələrinə vurulan gellər bir yerə toplanır, dəri altında özünə yer tapmır, bəzən dodaqda həddən artıq sallanmalara, göz qapaqlarının enməsinə səbəb olur. Gel, botoks və mezoterapiyanın əvvəlki effektinin olmaması çox zaman insanları illərdir müraciət etdikləri kosmetoloqlarından belə uzaqlaşdırır.

Problemdən kosmetoloqlar da xəbərdardır. Onlar səbəbi özlərində yox, məhsulların keyfiyyətinin aşağı düşməsində görürlər. Manatın dollar qarşısında dəyər itirməsindən sonra bazarda keyfiyyətsiz məhsulun artdığını deyirlər. Kosmetoloqların sözlərinə görə, son vaxtlar ölkəyə idxal edilən bu məhsullarda əvvəlki effekt müşahidə edilməməklə yanaşı, keyfiyyət də aşağı düşüb. Mezosapların çürük olması, fillerlərin üzərində göstərilən müddətdən daha tez korlanması, effektini itirməsi belə problemlərdəndir.

Ekspertlər bunu məhsulun istifadə vaxtının keçməsi, ya da ümumiyyətlə, keyfiyətsiz olması ilə əlaqələndirirlər. İddialara görə, əgər üzə vurulan maddə dəri altında həll olmur, bir yerə toplanırsa, bu, onun tərkibinin sintetik olmasından xəbər verir. Əgər məhsul sintetikdirsə, ilk ağla gələn isə onun Çində istehsal edilməsidir. Qidadan geyimə qədər hər bir məhsulda “kopiyalamaq”da məharətli olan çinlilərin kosmetika bazarındakı “uğuruna” şübhə etmək isə yersiz olardı. Ona görə bu iddia heç də əsassız görünmür.

Məhsulların keyfiyyətsizliyinin ikinci bir səbəbi isə onların ölkəyə qeyri-qanuni idxalı ilə bağlanılır. Xüsusi şəraitdə daşınmalı olan bu məhsullar çox vaxt çamadanlarda qaçaqmalçılıq yolu ilə gətirilir. Bu zaman da saxlanma tələbləri pozulur. Məsələn, botoks üçün istifadə edilən botulium toksini buz içərisində saxlanılmalıdır. Bundan başqa, əvvəllər İsveç, ABŞ, Almaniyadan gətirilən bu məhsullar hazırda İran və Çindən idxal olunur. Özü də qatar və avtobuslarla. Bu ölkələrdə isə həmin məhsulların necə istehsal edilməsi böyük bir sual altındadır.
Diqqət çəkən məqamlardan biri də eyni ticari adlı məhsulun qiymətinin ölkəmizdə xaricdən ucuz olmasıdır. Məsələn, xarici ölkədə 400 avroya olan məhsul, Azərbaycanda 300 manata təklif edilir. Bu məshulların ölkəmizdə istehsal edilmədiyini nəzərə alsaq, idxal olunan malın Azərbaycanda istehsal edildiyi ölkədən daha ucuz satılması heç bir iqtisadi, ticari qaydalara uyğun gəlmir. Demək, burada başqa iş var..

 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol