Millət vəkilindən Tarkan haqda açıqlama

“IV İslam Həmrəyliyi Oyunlarını izləmək üçün Azərbaycana kifayət sayda turist gəlib. Həmin turistlər xeyli sayda maliyyə vəsaitini Azərbaycanda xərcləyir”.

Luxlife.az xəbər verir ki, bu fikirləri “ölkə.az”-a açıqlamasında Milli Məclisin deputatı, tanınmış iqtisadçı Vahid Əhmədov bildirib.

V.Əhmədov deyib ki, bundan dövlət büdcəsinin nə qədər qazandığını müvafiq rəsmi şəxslər dəqiq bilir:

“Hələlik turistlərin sayı və ölkəyə gələn vəsaitlə bağlı rəsmi açıqlama yoxdur. Hazırda İslam Həmrəyliyi Oyunları davam edir. Yəqin ki, oyunların sonunda bununla bağlı da müvafiq açıqlamalar veriləcək”.

Deputat qeyd edib ki, Azərbaycan hökuməti İslam Həmrəyliyi Oyunlarına elə ciddi maliyyə vəsaiti xərcləməyib:

“Amma bunun müəyyən hissəsini Azərbaycana gələn turistlərin xərcləyəcəyi vəsaitdən çıxartmaq mümkün olacaq. Çünki oyunları izləmək üçün Bakıya gələn turistlər Azərbaycanda xeyli miqdarda vəsait xərcləyirlər”.

V.Əhmədov vurğulayıb ki, bütün bunlarla yanaşı, İslam Həmrəyliyi Oyununlarının Bakıda keçirilməsinin Azərbaycan üçün siyasi əhəmiyyəti var:

“Biz təkcə iqtisadi tərəfini düşünməməliyik. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi dünyaya bir mesajdır. Yəni, Azərbaycan İslam birliyini əməli addımlarla tərənnüm edir. Bu isə çox ciddi məsələdir. İslam Həmrəyliyi Oyunlarından sonra isə Azərbaycanda “Formula 1” yarışları başlayacaq. Bu yarışları izləmək üçün də Azərbaycana turistlər gələcək. Təbii ki, bu da Azərbaycanın dövlət büdcəsinə bir töhfə olacaq”.

Deputat Türkiyənin tanınmış müğənnisi Tarkanın “Formula 1” yarışlarında konsert vermək üçün yüksək məbləğdə vəsaitə Azərbaycana gətirilməsi barədə yazılan xəbərlərə də münasibət bildirib:

“Bəzən mətbuatda Tarkan və digər tanınmış xarici müğənnilərin bahalı qiymətə Azərbaycana gətirilməsi tənqid olunur və sairə. Amma hər bir addımın arxasında bir məqsəd dayanır. Məgər dövlət rəsmiləri düşünmür ki, Tarkanın Azərbaycana bu qiymətə gəlməsi nə üçün lazımdır? Tarkan dünyada tanınan ifaçıdır. Əgər Tarkan Azərbaycana gəlib, Bakıda keçirilən “Formula 1” yarışlarında konsert verirsə, bunun özü ölkəmizi kifayət qədər dünyaya tanıdır. Gərək məsələnin bu tərəfi də nəzərə alınsın! Mən yaxşı başa düşürəm ki, Azərbaycan əhalisinin müəyyən problemləri var və sairə. Ancaq biz bu cür yarışlara ev sahibliyi etməklə siyasətdə müəyyən dvidentlər əldə edirik.
Bu gün biz Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizə aparırıq. Bu yarışların Azərbaycanda keçirilməsi də bu mübarizənin effektiv olmasına müsbət zəmin yaradır”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol