Nisə Qasımova gənc müğənnilər haqda: “Göz-qaş edirlər ki, özlərini müştəri tapsınlar”

 

 

“LuxLife” lent.az-a istinadən xalq artisti Nisə Qasımovanın müsahibəsini təqdim edir:

– Nisə xanım, yaradıcılıq işlərinizdə nə kimi yenilikləriniz var?

– Bəzi müğənnilər bu sualı xoşlamır. Amma bu sualı bəyəndim. Çünki müğənnidən ilk öncə onun yaradıcılıq işi ilə bağlı sual vermək lazımdır. Bu suala cavab olaraq demək istəyirəm ki, yeni mahnılar yazdırmışam. Məşhur bir mahnı var ki, onu ingilis dilində oxumuşam. Bundan başqa bu yaxınlarda “Olan oldu” adlı bəstəni dinləyicilərin ixtiyarına vermişəm. Açığı mən gündəmdə qalmağa can atmıram, onsuz da gündəmdəyəm. Əzəldən efirlərdə az-az görünməyin tərəfdarı olmuşam. Hər şey əhvalımdan asılıdır. Bir də gördüz, sizə müsahibə verəndən sonra ilhamlanıb, yeni işlər görüm.

– İllər öncə “Ömrümdən ötən illər” adlı mahnı ifa etmisiniz. Maraqlıdır, ömrünüzdən ötən illər sizə nələri qazandırıb, nələri aldı?

– Bəli, “Ömrümdən ötən illər” mahnısını oxumuşam. Sözləri Xuraman Vəfanındır. Ömrümdən ötən illər məndən çox şeyi aparıb. İllər nəinki məndən, hər bir insandan nəisə alır. Anamı itirəndən sonra özümə gələ bilmirəm. Artıq 5 ildir ki, anam bu dünyadan köçüb. Əyləşdiyim otağa da onun rəsmini asmamışam. Amma anamın şəklini xüsusi bir otaq var ki, oradan asmışam və hər gün həmin otağa daxil olub, onunla danışıram, ruhuna salavat çəkirəm. Günlər, aylar, illər ərzində etdiyim səhvlərə görə, ondan üzr istəyirəm. Tam səmimi sözümdür. Bu, sadəcə yazı üçün deyil. İstəyirəm ki, kiçik bir şəklini düzəltdirib, masamın üstünə qoyum və utanmadığım zamanlarda anamın üzünə baxım. Utandığım zamanlarda isə onun şəklini gizlətmək istəyirəm. Bu, mənim yaşam fəlsəfəmdir. Nə olsun ki, anam dünyadan köçüb. O, mənim üçün hələ də sağdır. Bir sözlə, illər məndən əzizlərimi, doğmalarımı aldı. Gənc yaşlarımda oxumaq istədiyim mahnıların çağlarını aldı. O çağlarda indiki Nisə Qasımovadan qat-qat yüksəklərdə ola biləcək birisi ola bilərdim. İllər mənim çağlarımı aldı və əvəzində mənim qarşıma amansızcasına elə bir ifaçılar gətirdi ki, indi həmin müğənnilər Azərbaycan estradasının sənətkar adını almış insanlarıdır. Bax, ötən illərim mənə bu cür əziyyətləri verdi. İndi bilmirəm ki, bu əziyyətlər mənim üçün bir imtahan idi, yoxsa yox.

– Bəs aldıqlarının əvəzində nə verdi?

– Tam səmimi deyirəm ki, .gənc yaşlarımda gəncliyin nə olduğunu bilməmişəm. Gəncliyimi indi yaşayıram. İllər mənə gözəl gənc dostlar bəxş etdi. Bir sözlə, ötən illərimə də minnətdaram. Çünki itirdiklərimdən savayı, qazandıqlarım da olub.

– Dostluqdan danışdınız. Nəzərə alsaq ki, tanınmış simasınız, illərdir ki, bu sənətdəsiniz. Sizinlə təmənnalı dostluq edənlər çox olub?

– Dostluqların 99 faizi təmənnalı olur. Amma o bir faizi Allah kiməsə nəsib edirsə, onun misli yoxdur. Tanrı da mənə də o bir faiz dostları bəxş edibsə, nə xoş mənim halıma. Heç kəs məndən inciməsin, əksər dostluqlar təmənnalıdır. Mən bu təmənnalı dostluqlarla hər gün qarşılaşıram. “İttiham edirəm” adlı bir mahnı oxumuşdum, o mahnının başlanğıcında deyilir ki, “qalx ayağa qəddar ürək, yatmış vicdan sən də oyan”. Biz insanları aldada bilərik, amma Allahı yox. Bəzən biriləri yolda gedən zaman qəza keçirəndə düşünmürlər ki, bu niyə oldu? Bəlkə hansı pis əməlinin cavabıdır? Bir sözlə, mənlə təmənnalı dostluq etmək istəyən insanlar çoxdur. Hətta bəziləri üzümə qarşı deyirlər ki, Nisə xanım, bu işim düzəlsin, sizə filan şey hədiyyə edəcəm. Amma düşünmürlər ki, bu sözlər mənə deyiləcək ifadələr deyil.

– İndiki dövrdə ifaçı olmaq üçün səsin olması vacibdirmi?

– Yox, qətiyyən. İndi müğənni olmaq üçün səsə gərək yoxdur. İndi əsas olan geyinmək və kameraya göz-qaş etməkdir. Göz-qaş edirlər ki, özlərini müştəri tapsınlar.

– Bu günə qədər bir çox sənətçilər unudulub. Nisə Qasımovanı yaddaşlarda saxlayan əsas səbəb nədir?

– Açığı bunu mən də bilmirəm. Düşünürəm ki, bu sual təkcə mənə aid deyil. Sovet dövründə elə bir sənətkarlardan məktəb keçmişəm ki… Bəlkə də məni gündəmdə saxlayan o müəllimlərdən aldığım təhsillərdir. Gündəmdə qalmağım, unudulmamağım o deməkdir ki, mən yaşayıram. Güman edirəm ki, aylarla efirlərdə görünməsəm, oxumasam mən Nisə Qasımova olaraq yaddaşlarda qalan bir müğənni olacam. 

– Sənətdə yollarınızı bağlayanlar da az olmayıb…

– Mənim gənclik illərimdə oxumaq istədiyim mahnıların qarşısı alındı, lent yazılarım silindi.

– Bir çoxları sizin bu sənətdə yollarınızı bağlayan ifaçının kimliyindən xəbərdardır. Bəlkə həmin müğənnin kimliyini özünüz açıqlayasınız?

– Görünən kəndə nə bələdçi? Bunu indiki gənclər bilməsə də, onların valideynləri bilir ki, Nisə Qasımovanın illərdir yollarını kim bağlayıb. Bilirsiniz necədir, elə məsələlər var ki, onların pünhan qalması məsləhətdir. Pünhan o demək deyil ki, gizlidir. Sadəcə hamı bilir, sadəcə dilə gətirmək istəmir. Bir az ağzımızı, dilimizi orucda saxlayaq. Eybi yox…

– Olubmu ki, gözünüzdə yaxşı görünmək üçün düşmən olduğunuz müğənnini yanınızda pisləsinlər?

– O qədər olur. Mən bu hala hər gün rast gəlirəm. özlərini yaxşı göstərmək üçün məni də o müğənninin yanında pisləyirlər. Allahıma şükür edirəm ki, mənə mənim kimi yaşamağa cəsarət verdi.

– Nisə Qasımova özünü şou-biznesdə hesab edir?

– Bəli, mən şou aləmindəyəm. Hətta deyərdim ki, şou-biznesin təməlini mən qoymuşam. Mən yaratmışam.

– Sizdən fərqli olaraq bir çox sənətkarlar müsahibələrində söyləyirlər ki, biz şou-biznesdə yoxuq.

– Yox, bu absurd bir şeydir. Biz müstəqil, azad dövlətdə yaşayırıq. Artıq illər öncə bu şou-biznes yaranmışdı. İncəsənət adamlarının hamısı artıq şou-biznesdədirlər. Bir çoxları şou-biznesin mənasını anlamadan deyirlər ki, biz şou-biznesdə yoxuq. Adama deyərlər ki, bəs sən şou-biznesdə deyilsən, haradasan? Haradan pul qazanırsan? Mən şəxsən şou-biznesdəyəm. Nə qədər qazandığımdan, göründüyümdən də razıyam.

– Şou-biznesdə olan qruplaşmalarda varsınızmı?

– Etiraf edim? Mən də istəyərdim ki, qruplaşma yox, komandam olsun. Anlamıram ki, bu qruplaşmalar nə üçündür. Şou-biznesdə bir çoxları sənət yoxsa, kiminsə evin yıxmaq üçün qruplaşır. Ölməyə gedən özünə yoldaş axtarır. Mən elə biri deyiləm. Öz işimə, taktikama fərdi yanaşmağı xoşlayan biriyəm. Fikir vermisinizsə, bir çox məşhurların toyuna dəvətlər alıram, amma getmirəm. Bu da səbəbsiz deyil. Özümdən aslı deyil, dəvət aldığım həmin məclisdə özümü çox pis hiss edirəm. Çoxunda təşkilatçılıq pis olur, sonra toyda görürsən bir-birlərinin qulaqlarına nəsə deyirlər. Buna görə də dəvət aldığım çox yerə getmirəm.

– Bir vaxtlar xalq artisti Faiq Ağayevlə aranızda inciklik var idi. Belə deyək, küsülü idiniz. İlk barışıq jesti kimdən gəldi?

– Küsülü idik. Mən qadınam. Ondan daha çox çılğın, əsəbi ola bilərəm. Ondan çox söyüş söyə bilərəm. Bir gün oturdum evdə və düşündüm ki, kimlərlə nə üstündə küsülüyəm? Daha sonra mənlə küsülü olan insanların xasiyyətlərini beynimdə çək-çevir elədim. Birdən yadıma düşdü ki, mən Faiq Ağayevi qardaşımın oğlunun, yəni öz övladım dediyim insanın toyuna dəvət eləmişdim. Faiq də o uşağın toyuna sevinə-sevinə, təmənassız gəlmişdi. Daha sonra rəhmətlik anamın sözü yadıma düşdü. Anam deyirdi ki, “bir tikənin qədrini bilməyən, min tikənin qədrini bilməz”. Nəsə beynimə düşdü, Faiqin telefonuna ismarış yazdım. Ona bildirdim ki, nə olursa olsun, sənin mənə etdiyin yaxşılıq, yadımdan çıxmayacaq. O, centlmendir. Yazdı ki, “Nisə xanım, o nə sözdür?” Heç mənim yadıma salmadı ki, yadına gəlir sən mənim üçün bu sözləri demişdin, mən sənin üçün filan sözü. Barışıqdan o tərəfə mən nə addım atım ona? Ola bilsin ki, bu gün kimsə Faiqlə küsülü qalıb, amma mən küsülü deyiləm.

– Elə bir həmkarınız olubmu ki, demisiniz ki, onunla heç vaxt barışmaram?

– Mənim illərdir küsülü olduğum sənətkar var. Amma deməmişəm ki, onunla heç vaxt danışmaram. Çünki küsülü olduğum həmin sənətkar atamı, anamı, nəslimi söyməyib. Allah qismət edərsə, hər şey yaxşı olar. Sadə insan olduğuma görə, bəzi müğənnilər qarşımda hegemonluq etmək istəyir. 

– Bir zamanlar siqaret üstündə həmkarınız Brilliant Dadaşova ilə də qalmaqalınız olmuşdu. İndi münasibətlər nə yerdədir?

– Bilirsiniz necədir? Mən kin saxlamıram. Onsuz da məni tanıyanlar bilir ki, Nisə Qasımova siqaret çəkir. Hətta mən evdə öz övladlarıma deyirəm ki, bilirəm ki, mənim yaxşılığım üçün siqaret çəkmə deyirsiz. Amma mənim bu həyatdakı acılarımı qismən də unutduran dostlarım yox, siqaret oldu. Siqaretə görə məni qınayan insanlara demək istəyirəm ki, mənə təsəlli verən, dərdimi-qəmimi unutduran bir çarə deyin həyatımı yüngülləşdirsin. Əgər tapılarsa, bütün medianın qarşısında, solo konsertimdə siqareti ataram. Dəfələrlə siqaret əleyhinə keçirilən aksiyalara dəvət almışam. Amma qatılmamışam. İnsanları dəvət edim ki, siqareti atın, ziyandı, amma özüm çəkim? Öz-özümü aldatmaq fikrində deyiləm. Bəzi müğənnilər var ki, Ramazan ayında efirə gəlirlər, deyirlər ki, “orucam”. Amma reklam zaman siqaret çəkir. Mən onlar kimi etmirəm. Ziyalı qadınlar arasında azdırmı ki, siqaret çəkən? Bilirəm ki, siqareti çəkməklə düz etmirəm. Səhhətimə ziyandır. Hətta ifa etdiyim “İki dost” mahnısında belə bir sözlər var ki, “Azərbaycan qadınına utanc ola biləcək dörd divar mənim yeganə dostlarımdır”. Ən yaxın dostum yanıma gələnə qədər siqaret yanımda olur. Daima da mənlədir.

– Olmazdımı ki, bu siqaret qalmaqalını zamanında efirə çıxartmayardınız?

-Olardı, niyə olmazdı ki? Kimsə dilini faraqat qoysun, mən də cavab verməyim. Çox söhbətlər var. Pərədə arxası o qədər söhbətlər var ki, sadəcə media üçün danışılacaq məsələlər deyil. Ona görə də susuram.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol