Ərin arvadı döyməsi normaldırmı?

O gün binamızda bir cütlük dalaşıb.

Qız döyülürmüş deyə çölə qaçıb, səsə mühafizəçi çıxıb. Qız yardım istəyib, mühafizəçi polis çağırıb, məsələ böyüyüb. Polislə məsələ çətinləşdikcə qız yumşalıb, oğlanı tutmasınlar deyə olanları gizlətməyə çalışıb.

Mən adətən, eşitdiyim şeyi dərhal yazmamağa çalışıram deyə, məsələnin sonundan da xəbərim var. Tez yazmıram ki, qənaətlərimi zamanın emaledici maşınından keçirə bilim. Bəlkə gördüyüm və yanlış saydığım şeylər əslində həmən an üçün keçərli emosional vəziyyətimlə bağlıdır.

Beləliklə, bir müddət sonra cütlüyün kirayə qaldığını, ev sahibinin davadan xəbər tutandan sonra qızla oğlanı evindən qovduğunu öyrəndim. Qonşularla birbaşa ünsiyyətimiz olmasa da, bina komendantı, qaraj nəzarətçisi və başqa texniki işçilərin rəylərindən belə başa düşdüm ki, insanları dəhşətə gətirən şeylərdən biri, bəlkə də ən birincisi cütlüyün nikahsız yaşaması olub. Onlar bəlkə də ərin arvadı döyməyini normal qarşılaya bilərdilər, amma nikahsız yaşamaq gözlərinə qəbuledilməz qərar kimi görünür. Bizdə adamlar nikahsız birgə yaşamaq faktına daha çox təəccüblənir və qəzəblənir, nəinki ərin arvadını döyməyinə. İnsanlar ərin arvadını döyməyini bağışlayar və unudar, nikahsız birgə yaşayan insanlar isə onları daima rahatsız edər. Onlar bunu bağışlamazlar.

Biz toy istəyirik. Tələb edirik. Toy eləməyənə çəpəki baxırıq. Bizə dəvətnamə almaq, deyinə-deyinə toya hazırlaşmaq, şadlıq evinin gur musiqisindən gileylənmək, evə gələndə boşqabların üst-üstə qoyulduğu stollardan yeməyə bir şey tapa bilmədiyimizi demək lazımdı. Əks halda, cütlük nə qədər nümunəvi həyat keçirsə də, ürəyimizcə olmayacaq.

Birgəyaşayış və yaş artdıqca zərrə qədər müdrikləşə bilməyən, səhvlərini saf-çürük eləməyi bacarmayan insanların birləşməyi, bir dam altında yaşamağı ayrı mövzudu, həm də daha dərin mövzudu. Bu halda qadınları qınamadan, həm də onların halına acımadan ötüşə bilmirəm. Sevgini tanımayan, özgüvəni zədəli qadınlar hər addım başı ən az özləri qədər bədbəxt kişilərin sadist münasibətlərinin qurbanı olurlar. Və bu qadınlar çox vaxt kənardan kifayət qədər bəzəkli, güclü görünürlər. Azərbaycanda qətl hadisələrinin 60 faizi qısqanclıq zəminində baş verir. Əksər qadınlar şiddəti sevgi zənn edir, çox vaxt ölənə qədər kişi yumruğuna dözür.

25 noyabr bütün dünyada qadın zorakılığına qarşı mübarizə günüdür. Bir az geciksəm də, bu mövzuya qatqım olsun istədim. Bütün dünyada feminizm yanlış anlaşılır. Hətta bunun özü də qadının nə qədər sıxılan cins olduğunu göstərir. Feminizm məhz kişilər tərəfindən yanlış tədqim və təhrif olunur, feministlər bilərəkdən əsəbi, çirkin, xoşbəxtliyini tapa bilməyən məxluqlar kimi göstərilir. Bu proses qadınların psixoloji zorakılığının davamıdır. Mən qız övladlarını, həyat yoldaşlarını sevən kişilərin qadınlar üçün təhlükəsiz dünya düzəltməyə çalışmamalarına təəcüblənirəm.

Əziz atalar, gələcəkdə qızlarınızı xoşbəxt görə bilməyiniz üçün feministlərə ehtiyacınız var. Sağlam feminist təşkilatlar bütün dünyada zorakılığı, cinsi ayrı-seçkiliyi, qadına ünvanlanan şiddəti azaltmaq üçün çalışır. Bütün dünyada qadınların psixoloji savadlılıq problemi var. Bu səbəbdən iqtisadi asılılığı olmayan qadınlar belə tez-tez kişi zərbələrinə dözə-dözə yaşayırlar. Kişilər də lazımınca psixi hazırlıqlıdır deyə bilmərik, əlbəttə. Sadəcə hazırda statistika məhz qadınların daha çox əziyyət çəkdiyini göstərir deyə prioritet mövzu onlarla bağlıdır. Qoy, qadınların müdafiəsi və çətinliklərinin qabardılması sizi qıcıqlandırmasın. Kişi və qadının durumunu eyni bədəndə kapilyar və arterial qanaxma kimi qəbul edin. Sizin kişi hüquqlarını da qoruyun deməyiniz həkimdən birinci kapilyar qanaxmanı durdurmağı tələb etməyə bənzəyir.

Kiçik bir qisim olsa belə, fikrini dəyişsin, məntiqlə düşünsün istəyirəm. Ümumi müraciəti dəyişib, daha kiçik seqment seçirəm, əziz atalar, siz başqalarının başladığı işə yardımçı olmasanız, qızlarınız yanlış dəyərlərdən yapışan toplumun təzyiqinə davam gətirməyə, qurbanlardan ola bilərlər. Bu gün dünyada, eləcə də Azərbaycanda qadınlar kütləvi şəkildə şiddətə məruz qalır. Fiziki, psixoloji, iqtisadi şiddət görən qadınların sayı olduqca çoxdur. Bilər-bilməzə feminizmi aşağılamağı dayandırın, lütfən qadınları xilas etməyə yardım edin.

Luxlife.az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol