Manatdan öncə dəyərdən düşən bizim insanımız olub!

Korrupsiya ilə mübarizə bir bağça direktorunu tutmaqla olmur.

Bağça direktoru, universitet müəllimi, sosial idarə məmuru; bunları həbs etmək korrupsiya ilə mübarizə aparmaq deyil, qardaşım. Bilirsiz korrupsiya ilə mübarizə aparmaq nə deməkdir?

Məncə bilirsiz, amma təkrar edirəm. Bizdə bir Nazirin ən yüksək maaşı 2500 manatdır. O nazirlərin hər birinin özəl təyyarəsi var, yalnız özlərinin yox, övladlarının da. Korrupsiya ilə mübarizə o təyyarələri satıb pulunu büdcəyə yatırmaq deməkdir. 

Bir Nazir 10 illik fəaliyyəti dövründə ölkədən 21 milyard pul oğurlayıb, hələ cinayətkar dəstələrinin, özünün həbsxanalarının da üstü açıldı. Azərbaycanda 15-20 illik nazirlər var, şübhəsiz bəziləri daha çox oğurlayıblar! Korrupsiya ilə mübarizə onların fəaliyyətini təftiş etmək, oğurladıqları xalıqın malını xalqa qaytarmaq deməkdir. 

Ölkəyə gələn və ölkədən çıxan bütün mallar məmurların nəzarətində. Arxası yüksək vəzifəli məmura bağlı olmayan bir iş adamı yoxdur, istər əcnəbi, istərsə yerli olsun. Ərzaq, tikinti, gündəlik tələbat malları, hamısı monopoliyadadır. Yüksək vəzifəli şəxslərin varlanması təbii hala çevrilib. Korrupsiya ilə mübarizə yüksək vəzifəli şəxslərdən deklarasiya tələb etməkdir.

İstənilən bir göydələnin qarşısında dayanın gerçək sahibini tələb edin, altından bir nazir çıxacaq. Korrupsiya ilə mübarizə biznes fəaliyyəti ilə əlaqəli olan bütün vəzifəlilərin, vicdanlı, gənc, işləmək həvəsi olan, məmur təfəkkürü olan yeni bir komanda ilə əvəzlənməsidir. 

Məhkəmə zalında hakim kreslosunda oturub çəkişənləri dinləmək əvəzinə telefonla öz biznesini yürüdən, hakimiyyətin üçüncü qolunu təmsil edən saxta, vicdanını itirmiş hakimlərdən imtina etmək lazımdır.

Süni formada şişirdilmiş nazirlik və komitələrin sayı minimuma endirilməlidir. Bütün nazirliklər hüquq-mühafizə orqanı kimi silahlandırılıb. Günlərin bir günü bu bomba partlasa bütün ölkə alışacaq. 

Dövlət aparatında çalışmağı stimullaşdırmayın, bizə düşüncəsiz, sabahı görmək istəməyən, yalnız qarını düşünən kölə məmur ordusu lazım deyil. Korrupsiya ilə mübarizə süni vəzifələr yaradıb satmaqdan imtina etməkdir!

Mühiti dəyişin, insanlar sərbəst hərəkət etsinlər, maneəsiz biznes yaratsınlar, nəhayət öz insanımıza dəyər verin, o zaman manatın dəyəri qayıdacaq.

Unutmayın, manatdan öncə dəyərdən düşən bizim insanımız olub!

Şahbaz Xuduoğlu

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol