“Soğan əkmirsən, get kartof, çiyələk ək…”

Aqil Abbas: “Sən tütünü normal qiymətə al, əkinçi də onu əksin, sənə versin, sən də siqareti o qiymətə qaldırma da, qardaş”

“Demirəm ki, kənd təsərrüfatını Heydər Əsədovdan yaxşı bilirəm”

Bir neçə günlük sükutdan sonra nəhayət, danışmağa razılıq verdi. Etiraf etdi ki, özünə qarşı sosial şəbəkələrdə aparılan kampaniyadan çox əsəbiləşdiyi üçün yazılanlara dərhal reaksiya vermək istəməyib, hirsinin soyumasını gözləyib. Beləcə, son aylarda ikinci dəfə ciddi ictimai qınaqla üzləşmiş – ötən ilin sonlarında “Türkiyə Rusiyadan üzr istəməlidir” dediyinə görə ona qarşı sərt etirazlar olmuşdu.

Criminal.az musavat.com-a istinadən Milli Məclisin deputatı Aqil Abbasla söhbəti təqdim edir:

– Aqil bəy, Ağcabədi səfərinizdən sonra verdiyiniz müsahibədə aksiya keçirən adamlara xitabən “gedin soğan əkin” deməyiniz xeyli müzakirələrə səbəb oldu, qınandınız, tənqid olundunuz, kollajlarınız hazırlandı. Bu cür ictimai qınaq, reaksiya gözlənilməz olmadı ki?

– Düzü gözlənilməz oldu. Özü də bunlar əsasən bir qrup idarə olunan sosial şəbəkə istifadəçiləridir. Onlar müəyyən adamlara belə hücumlar təşkil edirlər. Sözümü kimsə bəyənməyə bilər, mənim dediyim Quran ayəsi deyil. Subyektiv və obyektiv fikirlərim ola bilər, kiminsə də bununla razılaşmaması normaldır. Amma fikrini bildirə bilər. Təhqir elədilər, etsinlər də. Kiminsə alqışı ilə yaranmamışam, qarğışı ilə də öləm.

– Müsahibənizdə çox məsələlərdən danışmışdınız, amma soğan məsələsi daha çox dartışıldı…

– Çox məsələlələr var idi. Demişdim bəli, işsizlik var, kimsə bunu inkar edə bilməz. Amma demişəm ki, işsizlik Amerikada da var, təkcə bizim problem deyil. Həmçinin demişəm ki, dövlət adamlara torpaq verib, gedib o torpağı əkib-becərsin, ailəsini saxlasın, bolluq yaratsın. Soğanı misalçün demişdim, gedib kartof əksin, heyvan saxlasın.

– Sizin görüşdüyünüz adamlar torpağı əkib-becərməyin, əldə olunan məhsulun bazara çıxarılması çətinliklərindən danışdılarmı?

– Mən özüm də o çətinlikləri bilirəm. Özüm də kəndçiyəm, bütün nəslim də kənddə yaşayır. Mən torpağı əkməyin çətinliklərini bilmirəm? Başqa bir şeyi deyim. Qardaş Türkiyədə hər il seçki vaxtı partiya liderləri deyir mazutun, suyun qiymətini aşağı endirəcəyəm. Amma bu günəcən bunu edə bilmirlər, hansı ki, Türkiyə qüdrətli dövlətdir. Azərbaycanda suvarma sistemlərinin enerji haqqını dövlət ödəyir, suvarma sistemi pulsuzdur. Bundan əlavə taxıl əkini ilə bağlı hər hektar üçün 80 manat pul verilir, yaxud gübrə pulsuzdur. Ancaq gəlin açıq danışaq. Dostum, insanlar onlara verilən pay torpaqlarından istifadə etmirlər. Mən kənddən danışmışam, Bakıdan yox.

– Sizin bölgədə nə qədər əkilməmiş, amma əkinə yararlı sahə var?

– Əslində əkilməmiş sahə çox azdır. Çünki insanlar özü əkmir, gəlib Bakıda, ya qonşusunda fəhləlik edir, amma torpağı çox ucuz qiymətə əkənə icarəyə verir.

– Deməli, torpaq əkilir…

– Bəli, əkilir. Əkilməyən torpaqlar çox az miqdardadır. Elə bizim kənddə də. Ya biri Rusiyaya gedib, qardaşı əkir, ya da kimlərəsə icarəyə verilib, amma əkilir. 70-80-ci illərdə Azərbaycan neftlə dolanmayıb. Hətta 12-13 milyon ton neft istehsal edirdi, özü də planı kəsirlə yerinə yetirirdi. Neftdən gələn gəliri isə SSRİ aparırdı, əvəzində neftçiyə ev tikilirdi, onun sosial problemi həll olunurdu. Yəni Ağcabədidəki adamlara neftin 1 manat xeyiri dəymirdi. Onda Azərbaycanın 2 milyarddan bir az artıq büdcəsi var idi, hətta Gürcüstanın büdcəsi bizdən çox idi. Heydər Əliyev hakimiyyətə gələndən sonra kənd təsərrüfatını qaldırdı. Mən bu gün də kənd təsərrüfatının inkişaf etdirilməsinin tərəfdarıyam. Kənd təsərrüfatı Nazirliyi xüsusi planlar hazırlamalı, ölçüb-biçməlidir. Deyək ki, kimsə gedib soğan əkir, sata bilmir. Deməli, ölkədə soğan çox əkilib. Yaxud kütləvi şəkildə qarpız əkilir, qarpız 5 qəpiyə düşür. Yəni Kənd Təsərrüfatı Nazirliyi bunu tənzimləməlidir.

– Əgər yerli adamlar torpağı özləri əkməyə maraqlı deyilsə, deməli, burada konkret səbəblər var. Bəlkə siz digər istiqamətlərə tənqidi yanaşsaydınız daha doğru olardı. Məsələn, kəndlinin əlini işdən soyudan, onlara maneə yaradanlara…

– Mən o biri tərəfi də tənqid etmişəm. Milli Məclis qanun qəbul edib ki, tədarük məntəqələri açılmalıdır. Təbii ki, bu işlər görülməlidir. İndi başqa bir şeyi deyim. Ağcabədidə gəlib ev-ev düşüb kəndlilərdən südü alıb aparırlar. İki süd kombinatı var, onlar gəlib alırlar. Əhali də razıdır, heyvandarlığı da inkişaf etdirir. O cümlədən tədarük məntəqələri əhalidən pomidoru, badımcanı, kökü də gəlib almalıdır. Söhbət tək soğandan getmir, bu gün hamı soğandan danışır. Məsələn, Bərdə ilə Ağcabədidə bəlkə 1 milyon ton xurma olur, tökülür qalır, yığan da olmur. Niyə bir emal müəssisəsi tikmirlər? Onun cemini hazırlamaq olmazdımı?

– Bütün bunları incəliyinə qədər bildiyiniz halda niyə hökumət qarşısında məsələ qaldırmırsınız, parlamentdə çıxışınızda demirsiniz?

– Bu məsələləri qaldıracağam. Daha parlamentin növbədənkənar sessiyası idi, toxuna bilmədik. Amma yaz sessiyasında sözümü deyəcəyəm. Qardaşım, 1 milyon ton xurma yerə tökülüb qalıb, biz niyə cemi xaricdən almalıyıq? Bəzi yerlərdə artıq meyvə şirəsi istehsal edirik, niyə digər istehsal müəssisələri də yaratmayaq? Təbii ki, iş adamları gedib orda bir konserva zavodu tikə bilər. Məsələn, mən Masallıda gördüyüm bir fakta görə çox pis oldum. Orada İsti su tərəflərdə bir konserva zavodu var idi, özüm də orda olmuşdum. Nə günə qoydularsa, o zavod bağlandı. Belə zavodların sayını artırmaq lazımdır. Həm iş yeridir, həm bölgələr daxili məhsulun istehsalı ilə məşğul olur, həm ekaloji təmiz məhsuldur.

– Bəlkə elə siz o qalmaqallı söhbətə bu yerdən başlasaydınız, bu şəkildə hədəfə çıxmazdınız, razılaşırsınızmı?

– Mənə verilən sual belə deyildi axı. İndi siz məndən bu barədə soruşursunuz, cavab verirəm. Dedim əşi, işsizliyin səbəbi budur da. İşsizlik var, bunu danmaq axmaqlıq olar. Amma kiminsə torpağı varsa, niyə əkib-becərmir? Fakt deyim: Ağcabədidə tikintidə işləməyə adam tapılmır. Amma ağcabədili gedib Ağdamdakı, ya Bakıdakı tikintidə işləyir. Ölkədə bir belə tikinti gedir, eləmi?

– Gedirdi…

-Yox, gedir. Adamlar özünə ev tikir də. Rayonda ev tikməyə işçi qüvvəsi çatışmır. Amma cavanlar gəlib Bakıda daş daşıyır. Adamlar öz rayonunda işləməyi özünə sığışdırmır. Mən bunları demək istəmişəm, dostum! Başqa məsələlər də var. Ağcabədidə çuğundur əkirlər, “Azərsun” alıb aparır, amma ucuz qiymətə alır. Çuğundurda məhsuldarlıq yüksək olur. O gün televiziyada baxıram ki, İŞİD Suriyada pambıq əkib satır. Deməli, xeyir götürür ki, əkir də. Azərbaycanda isə pambıq kol üstündə qaldı.

“Gürcüstanın həyat səviyyəsi Azərbaycandan iki dəfə aşağıdır, sən onu niyə mənə örnək göstərirsən?

-Bəli, biz də yazdıq. Maraqlandınızmı niyə qaldı?

-Deyirlər pambığın satış bazarını tapmırıq. Necə olur ki, satış bazarını İŞİD tapa bilir, amma dövlətlər tapa bilmir? Dünyada pambıqdan qiymətli nə var? Bu gün heç bir imkanlı adam sintetika geyinmir.

– Siz bunlardan da danışa bilərdiniz və həmkarınız Zahid Oruc kimi çoxlarının gözünün işığı olardınız. Amma soğandan danışdınız, çoxlarının gözü yaşardı…

– Sən mənə bu sualı verisən, mən də bu cavabı verirəm. Sən mənə hədərə söz deyirsən, mən də hüdərə söz deyirəm, bildinmi? Söbət ondan gedir ki, kənd təsərrüfatını gücləndirmək lazımdır. Dünya bazarında pambıq 1 manat 90 qəpikdir, sən kəndlidən 40 qəpiyə alırsan. Bunu heç olmasa yarı qiymətə al da.

– (əlindəki siqaret dənəsinə işarə edib soruşuram) Aqil müəllim çəkdiyiniz siqaret hansındandır?

– Kentdir.

– Yəni qiymət artımı sizə də təsir edib.

– Təbii ki. 2 manata alırdım, indi 3 manat 50 qəpiyə alıram. Elə gələk tütünün üstünə. Dünyada gözəl tütün növləri var. Ən gözəl tütünsə Türkiyə tütünü hesab olunur. Türkiyə ilə Azərbaycan da bir qovşaqda yerləşir. Zaqatala-Balakəndə də tütün əkilir. Sən tütünü normal qiymətə al, əkinçi də onu əksin, sənə versin, sən də siqareti o qiymətə qaldırma da, qardaş. Yerli xammaldan istifadə edin də. Rayonlarda ətin qiyməti olduğu kimi qalıb, qoyun əti 6, mal əti 5 manatdır. Deyəsən, burda da 1 manat artıqdır. Səbəbi sadədir: çünki heyvandarlıq çox yaxşı inkişaf elədi. Qoy tədarük məntəqələri açılsın və dövlət ehtiyacı açıqlansın. Deyilsin ki, qardaş sən bu il mənə 10 ton kələm verəcəksən, mən də pulunu verəcəyəm. Kəndli bilmir ki, nə əksə ondan fayda götürəcək. Görür ki, keçən il qarpız baha oldu, qarpız əkir, qalır sahədə. Ya kartof-soğan əkir tökülüb qalır. Yəni bu məsələləri tənzimləmək lazımdır. Kənd Təsərrüfatı Nazirliyi nə üçündür? Mən kənddə yaşayıram, nə bilirəm ki, gələn il bazar nə tələb edəcək.

– Qarşıdakı aylarda vəziyyətin daha da ağırlaşmaması üçün hansı addımları atmağı planlaşdırıbsınız?

– Təbii ki, mən kənd təsərrüfatı naziri ilə görüşüb öz təkliflərimi deyəcəyəm. Yaxud Şahin müəllim – iqtisadi inkişaf naziri – ən açıq adamlardan biridir, götürün zəng edin, telefonu özü qaldıracaq. Təkliflərimizi deyəcəyəm. Mən demirəm ki, kənd təsərrüfatını Heydər Əsədovdan yaxşı bilirəm. Yaxşı bilmirəm, sadəcə olaraq camaatın təkliflərini – sosial sifarişi onlara çatdırmaq da mənim borcumdur. Ağcabədi, Ağdam, ya Füzulidə adamlar mənə sözünü dedi, mən də gəldim, bəziləri ilə telefonla danışdım. Növbəti iclasda da bəzi məsələləri qoyacağıq.

– Bölgədəki gərginlik səngiyibmi?

– Əvvəla, orada elə bir ajiotaj olmamışdı. Mən oradaydım. 200-300 adam yığıldı, hamı da sözünü dedi. Elə şeylər var ki, onun həlli imkan daxilindədir, elə şeylər də var ki, həlli imkan daxilində deyil. Məsələn, hamı sosial müavinət istəyir. Mənim fikrimcə, sosial müavinət ümumiyyətlə, ləğv olunmalıdır. Uşaqpulu verilməlidir, özü də normal məbləğ. 20 manat uşaqpulu olmaz ki. Heç olmasa uşağın bir aylıq yemək pulunu verməlisən. Dediyim kimi, hamı müavinət istəyir. Qanun da elə qəbul olunub ki, birinin həyətində bir inək varsa, ailə müavinət ala bilməz. Niyə? Deyək ki, ailədə 10 nəfərik, bir inəyimiz var, bu inəyi 10 uşaq birdən əmə bilməz axı. Səlim müəllim bu quruma rəhbər gələndən sonra tam şəffaflıq yaradılıb. Qabaq illik müavinəti bölürdülər ki, 6 ayı sənindir, 6 ayı da mənim. Hətta yardım düşməyənlər də alırdı. İndi elektron qaydada həll olunur. Sosial Müdafiə Nazirliyində çox böyük islahat gedib. Səlim müəllim də bu işi çox gözəl bilən adamdır, çox istərdim ki, ünvanlı sosial yardımı ləğv etsinlər. Ya da müavinət kəsirlərsə…Tutaq ki, bir ailədə 70-ci illərin “Moskviç”i var, onu kənarda saxlamasınlar, minimum yaşayış həddi hesablansın və həmin ailələrə yardım verilsin. Ya bu qayda ilə versinlər, ya da bunu ümumiyyətlə ləğv etsinlər. Etiraz aksiyalarında da ən çox bundan söhbət gedirdi ki, “mən müavinət ala bilmirəm”.

– Bank krediti olanlar da çoxdur?

– Təbii ki, krediti olanlar da var. Düzdür, kənddə dollarla krediti olanlar çox deyil. Amma əgər dollarla götürübsə, təbii ki, 1.05 manatla qaytarmalıdır. Sabah 1 dollar 100 manat olacaqsa, mənə nə aidiyatı, mən 1.05-dən almışdım axı. Yəqin ki, bu məsələlər işlənib hazırlanacaq və prezidentimizin müvafiq qərarları olacaq.

-Aqil bəy, sizin başqa bir fikriniz də mübahisə doğurdu və etiraza səbəb oldu. “Gürcüstanda pul yoxdur deyə, rüşvət vermirlər…”

-İndi mən deyim. Söhbət ondan gedir ki, xüsusən Amerikaya işləyən radiolar, saytlar Gürcüstanı həmişə bizə örnək göstərirlər. Mən də tez-tez Gürcüstanda oluram. Gürcüstanın həyat səviyyəsi Azərbaycandan iki dəfə aşağıdır, sən onu niyə mənə örnək göstərirsən? Dedim yaxşı, bir ölkənin ki, prezidenti, baş naziri ABŞ Dövlət Departamentindən maaş alır, orada hansı müstəqillikdən və hansı inkişafdan danışmaq olar?

– Azərbaycanda prezident səviyyəsində korrupsiya və rüşvətin mövcudluğu etiraf olunur, bunu niyə danaq ki?

– Mən demirəm ki, Azərbaycanda rüşvət yoxdur. Əslində mən də xalq deyəni demişəm, sadəcə düzgün anlaşılmayıb. Cəlilabad yolu ilə gəlirsən, insanlar balaca sahələrdə çiyələk əkiblər, adamın gözünü oxşayır. Bakı kəndlərində vaxtilə gül əkirdilər, ildə bir maşın alırdılar. Sonra qaz olmadı, gülçülük də dayandı. Məsələ budur, insana şərait yarat və ondan da tələb elə. Ağcabədi, Bərdə, Beyləqan, Füzulidə vaxtilə hektardan 50 sentner taxıl götürülürdü. Toxumu da Amerika, ya Kanadadan gətirmirdilər, yerli alimlərimizin yaratdığı toxumlar idi, İmam Mustafayevdən tutmuş, Cəlal Əliyevə qədər bu sahədə işləyən adamların toxumları idi. Məsələn, Ağcabədidə ən çox xahiş edirlər ki, onlara Xaçmaz toxumu tapım. Çünki 50 sentner məhsul verir. Amma indi məhsuldarlıq 20 sentneri aşmır. Mən bunlardan danışıram. Mənim fikrimi başqa yerə yozdular ki, deyir “soğan ək”. Soğan əkmirsən, get kartof, çiyələk ək…

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol