“Pis oğlanlar” Bakıda

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında birinci hissəsi 25 il öncə çəkilən və çoxdandır gözlənilən “Pis oğlanlar 3” filminin təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Rüstəm Kərimov və Arogun Johnny Ayomide Uill Smitin və Martin Lourensin filmdəki obrazlarını canlandırıblar.

“CinemaPlus”un rəsmi təfəfdaşı olan “The Five” şirkətinin rep ulduzları Epi və FTB film üçün hazırladığı soundtreki təqdim etdilər. Daha sonra isə “Caspian Flava Crew” breyk-dans komandasının üzvləri Zəvvar Kərimov, Kamran Quliyev və Aqil Quliyev qonaqları heyran edən rəqs nümayiş etdiriblər.

Gecəyə qatılanlar arasında şou-biznes ulduzları, jurnalistlər, blogerlər və böyük şirkətlərin nümayəndələri olub.

Filmin rejissorları Bilal Falla və Adil El Arbidir. Baş rollarda Uill Smit, Martin Lourens və Vanessa Enn Hadcens çəkilib.

Filmin mövzusu: Detektivlər Mayk Louri və Markus Börnet yenidən işə qayıdırlar! Düzdür, onlar bütün əməliyyatlardan kənarlaşdırılıblar, amma dostları nəsə dayandıra bilər? Axı bu dəfə keçmiş həyatından biri Maykın arxasınca düşüb, onu ov elan edir. Beləliklə, uşaqlar sonadək mübarizə aparmalıdır.

Filmin baş sponsor “Porsche-Bakı” Mərkəzidir. Tədbirin təşkilində “Light in Black” kreativ şirkəti, qrim ustası İradə Rzayeva, “Aya Rzali” dekor şirkəti, “Black Star Burger”, “İdeal P&C” mağazalarının “Carolina Herrera” markasının “Bad Boy” ətirləri, Avstriyanın coffee-catering şirkəti “Espressomobil”, “Absheron Sharab”, “Şeh Su”, “Red Bull” və “Azeri Express” kuryer xidməti dəstək göstərib.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

Vüsalənin “eniş”i, Rəhimin vaxtsız gedişi…

Vüsalə Əlizadənin yeni proqramı “7 canlı”nın anonsunu görüb sevinmişdim ki, həvəsim qursağımda qaldı.
İlk yayım günü yerimi rahatlayıb televiziya qarşısına keçdim. Proqram başlayanda öncə elə zənn etdim ki, Nanə Ağamalıyevanın “Şou ATV” verilişini axşam saatlarına keçiriblər. Daha sonra astiqmatizmin hökm sürdüyü gözlərimi ovcalayıb yenidən televizora zilləndim. Eyni studiya, eyni aşıqlar, eyni makiyaj, eyni geyim və Vüsalə Əlizadə…
Dedim ki, eybi yox, buna da dözərik! Təki qonaqlar fərqli olsun. Bunu söyləmişdim ki, efirə qonaq gəldiyi kanalın loqosundan daha çox görünən Əməkdar artistlər Könül Kərimova və Elnarə Abdullayeva təşrif buyurdular. Bu dəmdə mövzu da nə olsa, yaxşıdır? Elnarə Abdullayevanın heç vaxt heç yerdə “səsləndirmədiyi” “Müğənni qız almaram” və bunun ətrafında cərəyan edən mistik, dramatik və eqzotik fikirləri, Könül Kərimovanın oğlunu evləndirmək və həyat labirintinin məşəqqətli yollarından necə keçməsi barədə düşüncələri… Yəni, primitiv heç nə yoxdur, çox “fərqlidir”. Azərbaycan tamaşaçısına da elə bu lazımdır. Nəyimizə gərək Elon Mask?
Keçim məsələnin ikinci tərəfinə nəzərə alsaq ki, Vüsalə Əlizadənin verilişinə ümidlər böyük idi. Həm tamaşaçı, həm də televiziya rəhbərliyi tərəfindən. Hərgah ki, böyük olmasa, rəhbərlik “7 canlı” üçün Nanə Ağamalıyevanın verilişinin vaxtını qısaltmaz, Zaur Baxşəliyevin “Bizimləsən” layihəsinin də ömründən ömür kəsməzdi. Eyni zamanda “Şou ATV”nin dözülməzliyini aradan qaldırmamış “Double Nanə” təəssüratı yaradaraq, sosial mediada da etirazların ünvanı olmazdı…
Ümid edirəm ki, yaxın gələcəkdə ATV mebel salonlarını xatırladan studiyalar əvəzinə daha modern dekorlardan istifadə edib göz oxşayar. Həmçinin, son istifadə tarixi keçmiş toy müğənnilərini daha az efirə çağırar…
Bunu burada qoyub keçirəm digər məsələyə — Rəhim Rəhimlinin “MTV Azərbaycan”dan ayrılmasına…
Rəhim Rəhimlinin bir neçə aydır kanaldan ayrılacağı məlum idi. Ki, ayrıldı da. Lakin qəbullanmaq istəmədiyi üçün açıqlama yayıb çıxan xəbərlərin yalan olduğunu iddia etdi. Ötən gün isə bir neçə saytda kanalın təsisçisi Xudaverdi Hacıyevin açıqlaması yer alıb. Bildirilir ki, Rəhim Rəhimli qeyri-peşəkarlıq edib və idarəetmədə zəiflik müşahidə olunub: “Rəhim Rəhimli MTV kanalında qeyri-rəsmi olaraq çalışırdı. O, kanalın musiqi tərtibatı ilə bağlı bəzi məsələlərdə öz köməyini göstərirdi”…
Hərhalda iki ilə yaxın vaxt ərzində kanalı “Muz” TV-dən MTV-yə çevirən bir rəhbər haqda verilə biləcək ən “hörmətsiz” açıqlamadır. Hansı ki, Rəhimlidən öncə kanalda yenilik yox idi və diqqət cəlb etmirdi. Hazırda isə gün ərzində ən çox müraciət edilən kanallardan biridir.
Beləliklə, yuxarıda sizə iki “eniş” təqdim etdim. Biri kreslodan “eniş”, digəri səviyyədən. Hansı “eniş”in daha zərərli olmağını isə zaman göstərəcək…

Добавить комментарий

Ваш адрес email не будет опубликован.