«Biləcəm ki, içimdəsən…» — Türkan Turan yazır

Qadınlar sənin mövcudluğunu bilsələr onlara aid olan kişini əsla qısqanmazlar. Sən sevginin tam özüsən.

Olmadığın təqdirdə belə, hər kəs gözümdə sıfırlanırsa, sən «O»san.

Bütün xəyanətlərin üstündən xəttim, bütün baxışlara korluğumsan.

Ən gözəl səslərə belə kar olduğumsan. Həyatımın özü, sən bütün kişiləri qadın qiyafəsində göstərənimsən.

Saatım sən, dəqiqəm sən, saniyəm sənsən…

Dinim sən, imanım sən, Allahım sən.

Orucum sən, namazım sən, ibadətim sənsən…

Hər kəs danışır. Ancaq bütün kəlmələrdən «sən» süzülür…

Mənə bir mahnını min dəfə dinlədən adam. Ən gözəl musiqilərin belə hər notundan sən varsan. 

İnsanları sevgisizlik məhv edir, əzizim. Onlara səndən bəhs etmək, fikirlərinin doğru olmadığını göstərmək istəyirəm.

Üzlərinə hayqıraraq, «sevginin özəyi məndədir» demək istəyirəm.

Səni misralara düzməklə anlatmaq istəyirəm.

Yetkinliyim, böyüklüyüm, dürüstlüyüm.

Sən insanlara səmimiyyətimsən.

Özümsən…

Diş ağrısı kimi, ürək sancısı kimi doğub içimə. Sevgin döl olub, bətnimə dolub. Bətnimdə körpəm kimi böyüdürəm sevgimi və səni.

Şəhərim, şəhərimin insanlarısan. Sənsiz bu şəhər bomboz və boşdur. İnsanların ürəyindəki sevgisizlik kimi, boş. Səhərə dönən gecəm, gündüzümə zülmət çökür sənsizlikdən.

Hepatit C, B, A kimi, virus olub qanıma dol. Virusum ol razıyam, yetər ki, içimdə ol. Qar ol, boran ol, tozu dumana qat gözümə dol. Bilim ki, mənimləsən.

Gözlərimi yaşartsan da, asqırtsan da, öskürtsən də…

Məmləkətim, Vətənim, torpağım. Bütün sərhədləri yox edənim. Çarəsiz xəstəliyim ol, səni vücudumda daşıyım…

Ağrı, sancı versən də. Dodağımı cadar-cadar, bədənimi yara-xora etsən də..

Səni nə öz istəyimlə, nə də heç bir məsləhətlə kəsib götürməyəcəm.

Biləcəm ki, mənimləsən…

Biləcəm ki, içimdəsən…

Türkan Turan

LuxLife.Az